“Azərbaycan torpaqlarının 20 faizinin qəsb olunmasında xüsusi rolu olan, Qarabağ və ətraf rayonların 30 ilə yaxın erməni işğalı altında qalmasından girəvəçiliklə yararlanan, özünü guya İslam Respublikası hesab edən İran Azərbaycanın Müzəffər Ordusunun torpaqlarımızın əksər hissəsini azad etdikdən sonra öz düşmənçilik mövqeyini daha açıq biruzə verməyə başladı”.
Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bildirib.
O əlavə edib ki, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyindəki terror aktı və səfirliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun şəhid olması, iki nəfərin yaralanması olayı isə artıq ölkəmizə olan düşmən münasibətin pik nöqtəsi idi.
“Bu terror aktının təxribat xarakterli olduğu məlum məsələ idi. İran hökumətindən hadisəni dərhal araşdırmasını və təxribatçıları cəzalandırılmasını tələb etsək də, İran rejiminin necə davranacağını onsuz da təxmin edirdik.
Heç sirr deyil ki, bütün dini terrorçu təşkilatların yaranmasında İran ya birbaşa, ya da dolayısı ilə iştirak edib. Bu üzdən beynəlxalq, hüquqi, diplomatik prinsipləri heçə sayaraq, terroru törədən vətəndaşının cinayətini, terror aktını ailə-məişət zəminində, lokal səviyyəli hadisə kimi göstərməyə çalışaraq (həbsxanadan müsahibə), ölkəmizin heysiyyatıyla oynayacaq hərəkətlərə yol verdilər.
Bilirik ki, İran tərəfi məsuliyyəti üzərindən atmaq üçün məsələnin mahiyyətini təhrif etməyə çalışaraq, yalan məlumatlar yaya bilər. Yalan və terror İran rejiminin tam mahiyyətidir, desək, daha doğru olar.
Heç bir əsası olmayan səbəbləri qəbul etmirik və bəyan edirik ki, bu, cinayət hadisəsinin bütün məsuliyyəti İran hakimiyyətinin üzərindədir.
Azərbaycandakı bütün siyasi təşkilatlara, ictimai birliklərə isə müraciət edərək, səfirliyimizə olan hücumun gündəmdə tutulması, İranın bu məsələdəki mövqeyinin beynəxlaq siyasi təşkilatlar tərəfindən qınanılması və müvvafiq sanksiyaların qəbul edilməsinə qədər fəaliyyət göstərməyə çağırıram. İranda səfirliyimizə qarşı törədilmiş terror aktı hüquqi və siyasi cəzasını almayana qədər gündəmdən düşməməlidir”, - Anar Əsədli vurğulayıb.
Mehman