Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Qırğızıstan dostluğuna həsr olunmuş tədbir keçirilib

Azərbaycan-Qırğızıstan dostluğuna həsr olunmuş tədbir keçirilib


“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” (OCEP) çərçivəsində Azərbaycan-Qırğızıstan dostluğuna həsr olunmuş tədbir keçirilib.

Newscenter.az xəbər verir ki, paytaxtdakı 205 nömrəli tam orta məktəbdə təşkil olunmuş tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Elxan Allahverdiyev, RİH başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, İdarənin müvafiq struktur bölmə rəhbərləri və digər qonaqlar iştirak ediblər.

Tədbir Azərbaycanın və Qırğızıstanın Dövlət Himnlərinin səsləndirilməsi, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin və Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Xoşqədəm Bağırova qonaqları salamlayıb və OCEP çərçivəsində məktəbdə təşkil olunan tədbirlər, tədris ocağının uğurları barədə məlumat verib.

MOK-un vitse-prezidenti Ç.Hüseynzadə OCEP layihəsinin yaranma ideyası və uğurlu fəaliyyəti haqqında danışıb. Bildirib ki, layihə Avropa Olimpiya Komitəsinə üzv ölkələrin uşaq və gəncləri vasitəsilə mədəniyyəti, təhsili özündə birləşdirən çox önəmli idman hərəkatıdır.

BŞTİ müdiri M.Vəliyeva paytaxt məktəblərində uğurla həyata keçirilən layihə barədə məlumat verib. Qeyd edib ki, OCEP olimpiya dəyərlərini təbliğ etməklə yanaşı dünya ölkələri arasında əməkdaşlığı inkişaf etdirmək, qardaşlaşmış məktəblər arasında məlumat və təcrübə mübadiləsi aparmaq baxımından böyük əhəmiyyət daşıyır.

İdarə müdiri layihə çərçivəsində Azərbaycan və Qırğızıstan dostluğuna həsr olunan tədbiri milli köklərə, ortaq dəyərlərə, mədəniyyətə, dil və din eyniliyi ilə sıx bağlı olan xalqlarımızın birliyi baxımından yüksək qiymətləndirib. Qeyd edib ki, bu gün gənc nəslin ortaq Türk düşüncəsinə sahib olması, bu birliyə sadiqliyi daha çox lazımdır. Çünki möhkəm, ayrılmaz Türk birliyi gəncliyin gücü ilə daha da sarsılmaz olacaq.

Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri K.Osmonaliyev ölkəsi barədə Bakı məktəblilərinin iştirakı ilə hazırlanan maraqlı proqramı hər iki xalqın, ümumilikdə Türk dünyasının sarsılmaz birliyinə dəyərli töhfə kimi dəyərləndirib. Səfir bildirib ki, bu tədbir qədim tarixi köklərə malik Azərbaycanla Qırğızıstan arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha bir nümunəsidir.

Binəqədi RİH-nin başçısı E.Allahverdiyev OCEP layihəsinə qoşulmuş məktəblərin Azərbaycanı başqa ölkələrdə tanıtmaqla yanaşı, həm də digər ölkələrin tarixi, mədəniyyəti, incəsənəti və idmanının ölkəmizdə təbliğindəki rolundan söz açıb.

Tədbirdə şagirdlərin ifasında Qırğızıstan və Azərbaycanın milli rəqsləri və adət-ənənələrini əks etdirən ədəbi-bədii kompozisiyalar nümayiş olunub, qardaş ölkələrin sənət incilərinə, mədəni zənginliklərinə, milli mətbəxinə həsr olunan pavilyonlara baxış keçirilib.

R.Mehdiyeva
Xəbəri paylaş