Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Litva Respublikasının Baş prokuroru Nida Qrunskiene və Xüsusi İstintaq Xidmətinin (STT) rəhbəri Jidrunas Bartkusun dəvəti ilə Vilnüsa işgüzar səfər edib.
Newscenter.az-a Baş Prokurorluqdan bildirilib ki, əvvəlcə nümayəndə heyəti ölkəmizin Vilnüsdəki səfirliyinə gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin Litva ilə münasibətlərin inkişafına xüsusi önəm verdiyini, hazırda isə Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində bu əlaqələrin yüksək strateji tərəfdaşlıq səviyyəsində olduğu xatırlanıb.
Baş prokuror həmçinin Türkiyənin Vilnüsdəki səfirliyini ziyarət edərək səfir Barış Tantekinlə görüşüb, qardaş ölkədə baş vermiş dəhşətli zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə bağlı başsağlığı verərək matəm kitabına ürək sözlərini yazıb.
Zəlzələ baş verən ilk gündən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə axtarış-xilasetmə qruplarının təbii fəlakət bölgələrinə göndərilməsi və fəsadların aradan qaldırılmasında göstərilən humanitar dəstək əsl qardaşlıq nümunəsi olduğu vurğulanıb.
Daha sonra Kamran Əliyev Litva Respublikasının Baş prokuroru Nida Qrunskiene ilə görüşüb. Görüşdə hüquqi sahədə ikitərəfli əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, Beynəlxalq Prokurorlar Assosiasiyası, Avrocast və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb. Tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdirilməsi məqsədilə Azərbaycan və Litva baş prokurorluqları arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Səfər çərçivəsində Xüsusi İstintaq Xidmətində ikitərəfli görüş keçirilib. Nümayəndə heyətini salamlayan STT-nin rəhbəri Jidrunas Bartkus ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi hüquqi əməkdaşlığın da uğurla inkişaf etdiyini qeyd edib.
Baş prokuror Kamran Əliyev qonaqpərvərliyə və səmimi qəbula görə minnətdarlığını ifadə edərək, aktivlərin bərpası sahəsində həyata keçirilən və ötən ilin fevral ayından etibarən “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı Avropa İttifaqının Tvinninq layihəsinin tərəfdaş ölkə olan Litva ilə uğurla davam etdiyini bildirib.
Baş prokuror ölkəmizdə bu sahədə aparılan qanunvericilik və institusional islahatların davam etdiyini vurğulayaraq, cinayət yolu ilə əldə olunmuş əmlakın müəyyən edilərək izlənilməsi, üzərinə həbs qoyulması, müsadirəsi və sonrakı idarəolunması prosesində beynəlxalq əməkdaşlığın zəruriliyini qeyd edib. Bu baxımdan, Azərbaycan Prokurorluğunun benefisiarı olduğu Tvinninq layihəsinin mühüm əhəmiyyət daşıdığı bildirilib. Görüşdə layihənin gedişatı və əldə olunmuş nətəcələr barədə ətraflı məlumat verilib.
Litvanın Xüsusi İstintaq Xidməti ilə uzunmüddətli səmərəli əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin inkişafında xüsusi roluna görə Azərbaycanın Baş prokuroru “Əməkdaşlığa görə" medalı ilə təltif olunub.
Daha sonra nümayəndə heyəti STT-nin yaradılmasının 25 illik yubiley tədbirində iştirak edib. Litvanın hüquq mühafizə orqanlarının rəhbər şəxslərinin iştirak etdiyi təntənəli mərasimdə Baş prokuror Kamran Əliyev təbrik nitqi ilə çıxış edərək, Azərbaycan Prokurorluğu ilə Litvanın prokurorluğu və STT qurumu arasında uzunmüddətli səmərəli əməkdaşlığa görə təşəkkürünü ifadə edib.
Görüşlərdə ölkəmizin Litva Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev iştirak edib.
Mehman