"Azərbaycan olaraq biz əvvəldən Avropa İttifaqının müşahidə missiyasının regionda yerləşdirilməsinin əleyhinə olmuşuq. Çünki bu missiyanın arxasında hansı məqsədlərin dayandığı məlum idi".
Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin hələ də müəyyənləşdirilmədiyi bir vaxtda həmin missiyanın Ermənistan ərazisində konkret hansı sərhəddə dayanacağı ilə bağlı da çoxlu suallar var idi və o suallar indi də qalmaqdadır:
"Missiyanın fəaliyyətə başlayar-başlamaz təxribatların olacaqğı da məlum idi. Məqsəd də ondan ibarətdir ki, Azərbaycanın həmin təxribatlara cavab verməsi ilə hay-küy salınsın və Ermənistanın təhlükəsizlik məsələsini beynəlxalq miqyasda gündəmə gətirilsin. Bu fəaliyyətin arxasında təkcə Azərbaycana qarşı beynəlxalq təzyiqə nail olmaq deyil, eyni zamanda Rusiyanın Ermənistanın təhlükəsizliyini təmin edə bilməməsi ilə bağlı ictimai rəydə fikir formalaşdırmaq dayanır".
Yusif Bağırzadə onu da diqqətə çatdırıb ki, adı çəkilən missiyanın əsas hədəfi gələcək perspektivdə Rusiya hərbçilərinin Avropa İttifaqının ayrı-ayrı ölkələrinin hərbçiləri ilə dəyişilməsinə nail olmaqdır:
"Odur ki, təxribatların davam edəcəyi heç bir şübhə doğurmur. Amma o da qəti olaraq məlumdur ki, Azərbaycan ərazilərimizə qarşı olan təxribatların haradan gəlməsindən asılı olmayaraq bu təxribatlara layiqli cavabını verəcək".
Anar