Fevralın 21-i saat 20:45-dən fevralın 22-si saat 01:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı və Vedi rayonunun Birəli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini snayper tüfəngindən və müxtəlif çaplı digər atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub.Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Newscenter.az xəbər verir ki, bununla bağlı danışan deputat İqbal Məmmədov bildirib ki, Ermənistan törətdiyi təxribatlarlarla həddini çoxdan aşıb:
"Heç kəsə sirr deyil ki, Ermənistan hər zaman danışıqlar prosesini uzatmaq üçün bu cür təxribatlara əl atır. Biz bu ssenarini 30 il ərzində çox görmüşük. Hazırda da eyni proses davam edir. Ermənistan heç vaxt qəbul edilən qərarlara və atəşkəsə əməl etməyib.
İkinci əsas məsələ isə Rusiya sülhməramlıların olduğu ərazilərdə hələ də qanunsuz erməni silahlı dəstələrinin qalmasıdır. Bu 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli Bəyannaməyə tamamilə ziddir. Hazırda Rusiya sülhməramlıların olduğu ərazilərdə erməni terrorçuları rahat şəkildə hərəkət edir. Keçən bu illər ərzində Rusiya sülhməramlılarının Azərbaycan torpaqlarındakı qanunsuz erməni silahlı birləşmələrini çıxarmaması haqlı olaraq bizdə onların da terrorçularla əlbir olması şübhəsini yaradır".
Deputat vurğulayıb ki, Ermənistan yaxşı olardı ki, bizim səbrimizi daşırmaq əvəzinə cənab prezident İlham Əliyevin məsləhətlərinə qulaq asın:
"Bu təxribatlar Ermənistanı uçuruma aparır. Bəzi qüvvələr çalışırlar ki, regionda vəziyyəti yenidən gərginləşdirsinlər. Onlar Paşinyana müxtəlif vədlər verərək sülh müqaviləsini imzalamasına maneə olmağa çalışırlar. Ermənistan və havadarları unutmasınlar ki, "dəmir yumruq" yerindədir. Paşinyan Azərbaycanın şərtləri ilə hazırlanan sülh müqaviləsini imzalamağa məcburdur. Erməni terrorçuları təxribatlarına davam edərsə "dəmir yumruğu" yenidən başlarında hiss edəcəklər".(sonxeber.az)