Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Polis və prokurorluq orqanlarında qadınlara qarşı zorakılıqla mübarizə qurumları yaradılsın

Polis və prokurorluq orqanlarında qadınlara qarşı zorakılıqla mübarizə qurumları yaradılsın


Son vaxtlar qadınların qətlə yetirilməsi halları təhlükəli həddə çatıb

Vəkil Zibeydə Sadıqovanın fevral ayında qadınların qətli ilə bağlı paylaşdığı statistika ölkəmizdə bu sahədə dəhşətli mənzərəni gözlər önünə sərir.

Bu ayın 19 günündə 9 qadın öldürülüb.
- 14 yaşlı Günay Şadatova (anasının sevgilisi tərəfindən)
- İki uşaq anası 28 yaşlı Qənirə Şərifova (qardaşı tərəfindən)
- 31 yaşlı Aysel Abbasova (keçmiş əri tərəfindən)
- 46 yaşlı Solmaz Mansurova (oğlu tərəfindən)
- 55 yaşlı Pakizə Məmmədova (əri tərəfindən)
- 20 yaşlı Başxanım Salmanova
- 28 yaşlı Samirə Məmmədzadə (əri tərəfindən)
- 42 yaşlı Gülnar Məmmədova (əri tərəfindən)
- 49 yaşlı Mehriban Hüseynzadə (oğlu tərəfindən).
Qətli törədənlərin, demək olar, hamısı zərərçəkənin ailə üzvüdür.

Həyatını ərinin ölüm hədələri ilə davam etdirməyə çalışan tanış gənc bir ana var. İllərdir, Bakının mərkəzində 4 övladını və özünü yırtıcı ruhlu adamdan qorumağa, eyni zamanda uşaqlarının ehtiyacını ödəmək üçün maddi gəlir əldə etməyə çalışır. İki qardaşı işini-gücünü, ailəsini bir kənara qoyub, bacılarını qorumaq üçün növbə tutur. Ər deyilən adam mütəmadi zəng edir, olmazın küçə söyüşləri, təhqirlər, hədələr yağdırır. Zavallı qadın isə çarəsiz gözləyir. Çünki polisə dəfələrlə etdiyi şikayətə baxılmır, ailə-məişət məsələsi deyib, başlarından atırlar. Halbuki bu, sıradan bir ailədaxili problem deyil.

Ağır travmalar, stresslər o qadını, 4 körpəni, yaxınlarını psixoloji olaraq çökdürüb. Adam qadını öldürsə, körpələrin taleyi necə olacaq? Bu uşaqlar böyüyəndə o travmaların təsirindən necə çıxacaq? Ağır stress altında olan qadın anlaqsız vəziyyətdə gözlənilməz və geridönüşü olmayan bir hərəkət etsə, bədəlini kim ödəyəcək? Qadının ailəsindən biri o adamı öldürsə, məsuliyyət kimin üzərində qalacaq?

Hər birimizin çevrəsində onlarla belə ailə var. Ailədaxili məsələ dediyimiz problemlərin içərisində böyüyən o uşaqların gələcək üçün potensial problem olduğunu qavramaq bu qədərmi çətindir?

Bu gün ağır cinayətlər törədən, kriminala meylli insanlar hansı ailədə, hansı şərtlər altında böyüyüb? İnsan öldürməyi bu qədər asan bilən biri necə bir travma alıb ki, caniyə çevrilib?

Bir çox halda, hətta hüquq-mühafizə orqanları əməkdaşlarının baş verən zorakılıq və cinayət hadisələrinə, hüquqdan kənar, psixoloji olaraq mental-məişət prizmasından yanaşmaqla etinasızlıq nümayiş etdirməsi də ciddi faciələrə səbəb olur.

Ancaq ailədaxili məsələ deyib, göz yumduğumuz, əhəmiyyət vermədiyimiz problemlər bütünlükdə cəmiyyətin problemidir.

Cəmiyyətin problemidirsə, o zaman dövlət bu məsələnin həlli üçün səy göstərməlidir.

Məsələn, polis və prokuror orqanlarında təhqiqatçıları və müstəntiqləri qadın olan Qadın Zorakılığına qarşı Əlahiddə Mübarizə İdarələri (və ya şöbələri) yaradıla bilər. Çünki qadınlar məişət zəminində başlarına gələn ən xırda və ən məhrəm hadisələri, zorakılıqları tam təfərrüatları ilə hüquq-mühafizə orqanlarında əksəriyyəti kişilərdən ibarət olan işçilərə danışa, izahat verə bilmirlər. Burada bir çox psixoloji, məişət motivli, dini-mental faktorların maneçilik törətdiyi aşkardır.

Çox halda isə qadınlar başlarına daha dəhşətli hadisələrin gəlməsindən qorxaraq, şikayət etməyə risk etmirlər. Çünki şikayətlərinin elə hüquq-mühafizə orqanlarının kişi əməkdaşları tərəfindən zorakılığı törədən adamla (kişi ilə) danışaraq guya yoluna qoyulması, ən pis halda, nəyinsə müqabilində olayı ört-basdır etmək halları çanağın yenə də qadınların başında sınması ilə yekunlaşır.

Müvafiq dövlət qurumları bu məsələdə ictimai-siyasi təşkilatların çağırışlarını eşitməklə yanaşı, onlarla əməkdaşlığa açıq olmalıdır. Qadın hüquqları ilə bağlı QHT, siyasi partiyaların qadın təşkilatları ilə əlaqədə olmalı, təkliflərini, hesabatlarını, təşəbbüslərini nəzərə almalıdır.

Bir məsələni də qeyd etməliyəm ki, qadın qətlləri, ümumiyyətlə, qadınların hüquqlarının pozulması məsələsində yazılı mətbuatın, televiziyaların təsiri çox böyükdür. Telekanalların əksəriyyətində göstərilən qadın verilişləri reytinq, maddi gəlir üçün şoulara çevrilib. Ekranlardan insanlara şiddət, zorakılıq aşılanır. Saatlarla davam edən bu tipli verilişlərdə olayların əsas səbəbi, nəticələri bir kənarda qalır, öldürülən, şiddətə məruz qalan qadınlar sorğulanır, bir növ "yaxşı qadını öldürməzlər” kimi qorxunc fikir aşılanır, cəmiyyətdə zorakılıq edən kişilərə haqq qazandırılmasına çalışılır. Belə olan halda, şəxsiyyəti tam formalaşmamış, cahil, uşaqlıqdan ağır travmalar almış insanlar şiddətə meyillənir, nəticədə ortaya belə ağır tablolar çıxır.

Hökumət qadın qətllərinin, zorakılığın qarşısının alınması ilə bağlı tədbirlər görərkən, bu faktı da nəzərə almalı, kanallara nəzarət etməlidir. Mətbuatı bütövlükdə nəzarətdə saxlayan, ictimailəşməsini istəmədiyi xəbərlərin yayılmasının qarşısını rahat şəkildə ala bilən iqtidar, televiziya kanallarındakı o təhlükəli verilişlərə, ümumiyyətlə müdaxilə etmir. Halbuki cəmiyyət üçün təhlükə azad mətbuat yox, şiddət, nifrət saçan o verilişlərdir.

Gülşən Hacı
Azərbaycan Yüksəliş Partiyası Başqanının QHT və insan haqları üzrə müavini
Xəbəri paylaş