Fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələ bu ölkədə ərzaq qıtlığı, eyni zamanda kənd təsərrüfatı məhsullarında qiymət artımını qaçılmaz edəcək. Bu fikirlər İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzinin açıqlamasında yer alıb.
Newscenter.az-a daxil olan açıqlamada qeyd edilib ki, təbii fəlakət bölgəsinin əsasən kənd təsərrüfatı istehsalı ilə məşhur olması belə bir qənaətin formalaşmasına yol açır:
“Zəlzələnin baş verdiyi şəhər və vilayətlərin əsas istehsal etdiyi məhsullara diqqət etsək, görərik ki, bu sırada kənd təsərrüfatı məhsulları ön sırada yer alır. Məsələn, Diyarbəkir kənd təsərrüfatı bölgəsi kimi ad çıxarıb. Bu vilayətin əhalisi bir qayda olaraq kənd təsərrüfatı məhsulları istehsal edirdi. Buğda, arpa, qırmızı mərcimək, noxud və digər məhsulları təkcə yerli əhali deyil, Türkiyə genəlini də qarşılaya bilirdi. Eləcə də Şanlıurfa özünün pomidor istehsalı ilə məşhur idi. Bu vilayət ilə 282 944 ton pomidor istehsalı ilə Türkiyədə 5-ci pomidor istehsalçısı kimi tanınırdı. Yaxud, digər bir zəlzələ bölgəsi olan Malatya qaysı istehsalı ilə təkcə Türkiyədə deyil, o cümlədən dünyada tanınırdı".
Mərkəz qeyd edir ki, dünyanın qaysı ehtiyacının 80 faizini qarşılayan Malatyada baş verən dağıdıcı zəlzələ ərik sahələrinə də ciddi ziyan vurub və nəticə etibarilə kənd təsərrüfatının bu sahəsi də zərər görüb:
"Bütün bunları nəzərə alaraq belə qənaətə gəlmək mümkündür ki, istehsala ciddi şəkildə zərərin dəyməsi, əkin sahələrinin dağılması istər-istəməz Türkiyədə ərzaq məhsullarının qiymətində artıma gətirib çıxaracaq. Həmçinin, müəyyən ərzaq məhsullarının qıtlığının yaşanması da qaçılmaz olacaq”.
Mehman