Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinə hazırlıqla bağlı (onlayn və əyani qaydada) təlimlər keçirilib.
Newscenter.az İdarəyə istinadən xəbər verir ki, müəllimlər üçün onlayn qaydada təşkil olunmuş ikigünlük təlimlərə 500-dən artıq, direktor və direktor müavinləri üçün əyani qaydada keçirilən dördgünlük təlimlərə isə 100-dən artıq iştirakçı qatılıb.
Təlimlərdə iştirakçılara layihələrin yazılması və idarəolunması, müsabiqə mövzuları, şərtləri, müsabiqəyə təqdim olunacaq sənədlərlə bağlı ətraflı məlumat verilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.
Qeyd edək ki, təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinə layihələrin qəbulu 15 fevral-31 mart 2023-cü il tarixlərində www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək.
Layihənin təşkilində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasından ibarətdir.
R.Mehdiyeva