Fevralın 22-də Azərbaycanın Xorvatiyadakı Səfirliyi tərəfindən Zaqreb şəhərində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir.
Newscenter.az Baş Prokurorluğa istinadən xəbər verir ki, konfransda Xorvatiya Respublikasının dövlət qurumlarının rəsmiləri və Parlamentinin üzvləri, Zaqrebdə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, Baş Prokurorluğun nümayəndəsi, Ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq ekspertlər, Xorvatiyada yaşayan azərbaycanlılar və digər şəxslər iştirak etmişdir.
Tədbirdə ilk öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Çıxış edən səfir Anar İmanov, Xocalı soyqırımı barədə ətraflı məlumat verərək hər il fevralın 26-da dünyanın bir çox ölkələrində “Xocalıya ədalət” kampaniyası çərçivəsində müxtəlif tədbirlərin keçirildiyini, Azərbaycan tərəfindən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və bu tip cinayətlərin beynəlxalq səviyyədə tanıdılması ilə bağlı zəruri işlərin görüldüyünü bildirmişdir.
Azərbaycan Respublikasının Baş Prokurorunun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov konfransda çıxış edərək tədbir iştirakçılarına Xocalı soyqırımı, Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş müxtəlif terror aktları, 1-ci Qarabağ müharibəsi dövründə törədilmiş qətliamlarla bağlı faktlar təqdim etmiş, habelə 2-ci Qarabağ müharibəsi zamanı törədilmiş hərbi cinayətlər barədə ətraflı məlumat vermişdir.
Bundan başqa, tədbirdə iştirak edən şəxslər Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən pislənməsini, gələcəkdə bu tip qanlı hadisələrin təkrarlanmaması üçün cinayətkarların cəzalandırılmasının vacibliyini qeyd etmişlər.
Tədbirdə, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımını əks etdirən sənədli film nümayiş etdirilmiş və “Xocalıya ədalət” kampaniyası çərçivəsində nəşr olunmuş bukletlər tədbir iştirakçılarına təqdim olunmuşdur.
Mehman