Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq Ədalət Məhkəməsinin qərarları Azərbaycanın növbəti uğurudur

Beynəlxalq Ədalət Məhkəməsinin qərarları Azərbaycanın növbəti uğurudur


"Məlum olduğu kimi, Ermənistan əsas 3 məsələyə baxılması üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmişdi. İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı işlər üzrə Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarları Azərbaycanın haqlı olduğunu bir daha göstərdi.
Məhkəmənin 2021-ci il 7 dekabr tarixli qərarına uyğun olaraq, Ermənistanın tərəflərin mübahisəsini gərginləşdirməkdən çəkinmək barədə hələ də öhdəlik daşıdığının Məhkəmə tərəfindən bir daha təsdiq edilməsi bunun bariz sübutudur".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. Millət vəkili bildirib ki, məhkəmədə Ermənistan tərəfindən minaların yerləşdirilməsinin müvəqqəti tədbirlərin tətbiq dairəsinə uyğun olmamasına dair əvvəl gəldiyi nəticəyə yenidən baxılmaması mahiyyət üzrə qərar deyil və Azərbaycan Ermənistanın bu xüsusda məsuliyyətə cəlb edilməsi istiqamətində səylərini davam etdirəcək:

"Ermənistanda 2021-ci ildə istehsal edilmiş minaların işğaldan azad edilmiş ərazilərimizdə aşkarlanması haqqında bizim tərəfdən ortaya qoyulan faktların heç birini Ermənistan məhkəmə prosesi zamanı təkzib edə bilmədi. Bu minalar ancaq Laçın yolu vasitəsilə gətirilə bilərdi. Bu da onu göstərdi ki, son iki ildə Ermənistan üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini pozur".

Deputat qeyd edib ki, Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsi qarşısında irəli sürdüyü məsələlərdən biri də bütün şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin tam dayanıqlı və azad şəkildə Laçın yolundan keçməsi ilə bağlı Azərbaycana öhdəliyin müəyyən edilməsinə dair olub:

"Bununla bağlı da mövqeyimiz bildirilib və Azərbaycan tərəfindən etirazların “təşkili və dəstəkləməsini dayandırması” və Qarabağa “təbii qaz və digər kommunal xidmətlərin verilməsini dərhal bərpa etməsi” iddiaları ilə bağlı Ermənistanın müvəqqəti tədbirlər tələbləri Məhkəmə tərəfindən rədd edilib. Təqdirəlayiqdir ki, Məhkəmə öz qərarında Azərbaycanın səlahiyyətləri daxilində Laçın yolu boyunca təhlükəsiz hərəkəti təmin etmək üçün sərəncamında olan bütün addımları atdığı və atacağına dair, habelə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirdiyi barədə Azərbaycanın səylərini nəzərə alıb. Məhkəmə qərarını açıqlayanda Azərbaycanın öhdəliyinə sadiq olduğunu vurğulayıb".

Sonda Jalə Əhmədova onu da deyib ki, Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarları Azərbaycanın növbəti uğurudur və Azərbaycan beynəlxalq hüquq çərçivəsində əhalisinin hüquqlarını müdafiə etməyə, həmçinin Ermənistanın davamlı olaraq ağır insan haqları pozuntularına görə cavabdehlik daşımasını tələb etməyə davam edəcək.

Ruhiyyə
Xəbəri paylaş