"Azərbaycan dövləti Xocalı soyqırımı ilə bağlı bütün dəlilləri Beynəlxalq Məhkəməyə təqdim etməlidir".
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən hüquqşünas Əli İbrahimovun sözlərinə görə, Beynəlxalq məhkəmə isə öz növbəsində Xocalı qətliamını soyqırım kimi tanımalı, gətirilən bütün sübutlu faktlar nəticəsində xüsusi qətnamə əsasında bu işlə məşğul olan tribunal yaratmalıdır ki, soyqırım törədən şəxsləri layiqincə cəzalandırsın:
"Bu mümkün olmazsa, Beynəlxalq Tribunal və milli məhkəmə tərəfindən paralel yurisdiksiya qaydalarına uyğun olaraq soyqırımda təksirli bilinənləri mühakimə etməlidir".
Hüquqşünas deyib ki, tarixin bu səhifəsində beynəlxalq hüququn ümumtanınmış normaları ilə qorunan İnsan hüquq və azadlıqları kobudcasına pozulmuşdur:
"Ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər birbaşa olaraq beynəlxalq hüquqa ziddir. Xocalıda baş verən hadisələrdə azərbaycanlırın təbii hüquqları - xüsusilə yaşamaq, azadlıq, şəxsi toxunulmazlıq, mülkiyyət hüquqları kəskin şəkildə pozulmuş və tapdanmışdır. Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi bu soyqırımda İnsan hüquq və azadlıqlarını özündə əks etdirən Cenevrə konvensiyası, BMT-nin Baş Məclisinin 10 dekabr 1948 -ci ildə elan olunan İnsan hüquqlarının Ümumi Bəyannaməsinin, "İnsan hüquqlarının ümumi və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının, BMT-nin Mülki və Siyasi hüquqlar haqqında Paktın maddələri ermənilər tərərfindən ciddi şəkildə pozulmuşdur".
Mehman