Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xocalı faciəsi heç zaman unudulmayacaq

Xocalı faciəsi heç zaman unudulmayacaq



Dövlətçiliyin, dövlətin, xalqın tarixi ilə əlaqəli hadisələr heç zaman unudulmur. Bu, xalqı daha da mətinləşdirir, mübarizləşdirir. Rus imperiyası 1920-ci ilin 28 mayında Azərbaycan Demokratik Cümhuriyyətini ilhaq etdi, ancaq xalqın mübarizə ruhunu sarsıda bilmədi. Xalq müstəqillik mübarizəsini mətinliklə davam etdirdi.

İmperiya 1990-cı ilin 20 yanvarında Bakıda qırğın törətdi, ancaq milli-azadlıq hərəkatını məhv etməyə gücü çatmadı...

Azərbaycanla elan etmədən müharibə aparan Ermənistan 1992-ci il fevralın 25-dən 26-na keçən gecə dislokasiya yeri Xankəndi olan 366-cı alayın iştirakı ilə Xocalıda qətliam törətdi. Üç istiqamətdən mühasirəyə aldığı şəhəri odlara qaladı, camaatı öldürdü, qaça bilməyənləri əsir götürdü. Yüzlərlə xocalılı qarda-sazaqda çöllərə səpələndi, qurtuluş üçün Ağdama üz tutdu. Ermənilər təqib etdiyi xocalıları onlara çatanda əsir götürürdü, uzaqlaşmağa çalışanları güllələyirdi. Qırğının sayı ona görə belə çox olmuşdu...

Xocalı soyqırımında 613 nəfər qətlə yetirildi, bunların 106-sı qadın, 63-ü uşaq, 70-i qoca idi. Qaça bilməyən 1275 sakin girov götürüldü, onlardan 150 nəfərinin taleyi indiyə kimi məlum deyil. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərdən birini itirdi. Faciə gecəsi şəhər tamamilə məhv edildi...

56 nəfəri diri-diri yandırılıb, başının dərisi soyulub, boynu vurulub, gözləri çıxarılıb, hamilə qadınların qarın boşluğuna süngü ilə vurularaq öldürülüb. Bu faktlar erməniliyin nə olduğunun təsdiqidir.

Xocalı faciəsində insanlar da qətlə yetirildi, sosial tikililər də. Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi, bir tarix-diyarşünaslıq muzeyi dağıdıldı. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan edildi, qəbiristanlıq müqayisə olunmayacaq qəddarlıqla dağıdıldı.

“Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”. Ümummilli Lider Heydər Əliyev bu faciəni dünya ictimaiyyətinə belə tanıdırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı faciəsi haqqında deyib: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi” ...

Xocalı faciəsindən sonra faciənin dəhşətlərini lentə alan Livanlı kinooperatorun dedikləri də tarixi gerçəkiyi ifadə edir: Mənim ölkəmin varlı daşnak icması Qarabağa silah və adam göndərir. Bu etiraf vicdanın səsidir və nə vaxtsa beynəlxalq məhkəmədə etibarlı şahid ifadəsi olacaq.

Xocalı soyqırımından az sonra dünyanın neçə-neçə jurnalisti faciə törədilən ərazidə olub, törədilənləri görüb, gördüklərini yazıb:

“Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu” (“Krua l'Eveneman” jurnalı (Paris), 25 fevral 1992-ci il); “Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər” (“Sandi Tayms” qəzeti (London), 1 mart 1992-ci il); “Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar” (“Faynenşl Tayms” qəzeti (London), 9 mart 1992-ci il); “Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır” (“Tayms” qəzeti (London), 4 mart 1992-ci il; “Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.” (R.Patrik, İngiltərənin “Fant men nyus” teleşirkətinin jurnalisti). Sonuncu fikir əvvəlki fikirləri istər hüquqi baxımdan, istərsə də bəşəri baxımdan ümumiləşdirir, gerçəkliyin ifadəsi kimi oxunur, belə də dərk edilir...

Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir.

Xocalı faciəsi beynəlxalq hüququn da subyekti oldu. Bəşəri dövlətlər bu faciəni ciddi şəkildə pislədi. Onun dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Xocalı soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanındı. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə fəaliyyətə başlayan “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası bir çox ölkələrdə missiyasını uğurla yerinə yetirir. Başlıca fəaliyyəti Xocalı soyqırımını dünya ictimaiyyətinə tanıtmaq, ona hüquqi və siyasi qiymət verilməsini gerçəkləşdirmək, Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə rəsmi üzr istənilməsinin, müvafiq cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasının, Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsinin, sağ qalmış ailələrə dəstək göstərilməsinin soyqırımın yaddaşlarda yaşamasının cəfakeşi olmaq kimi müəyyənləşdirilən bu kampaniyanın fəaliyyətini 100 minlərlə şəxs, 115 təşkilat dəstəkləyir.

Xocalı faciəsinin şahidi olmuş Süsən Cabbarova xatırlayır: Mən tibb bacısıyam. Həkimlə birlikdə yaralıları xərəklərdə daşıyırdıq. Kənd sakinləri ilə birgə dəmir yolunun keçərək Qarqar çayına yaxın gəldik. Buzlu suda ayaqqabımı itirdim. Hər tərəfdən erməni döyüşçüləri ilə mühasirə olumuş meşədə uzun müddət gizləndik. Qadınlardan birinin əlində 9 aylıq körpəsi vardı. Körpə bərkdən ağlayırdı. Onun səsindən bizi aşkar edə bilərdilər. Ana qorxudan uşağın ağzını tutdu. Ağdama çatanda uşaq nəfəs almırdı...Biz Naxçıvanikdəki sahəyə çıxdıq. Bu zaman erməni səsləri eşitdik. Mən yerə yıxıldım və özümü ölülüyüə vurdum. Onlar ətrafda gəzirdilər və tərpənən kəslərə işgəncə verirdilər. Qalan bütün yolu mən iməklədim, belə ki, artıq ayağa qalxa bilmirdim...”...

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi.

Hər il Xocalı soyqırımının ildönümündə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Prezident İlham Əliyevin və vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirilir. Yürüşdə ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyaların, əksər xarici diplomatik korpusların nümayəndələri də iştirak edir. Bu, Xocalı faciəsinin ümumxalq qəhəri olduğunun təsdiqidir...

Beynəlxalq konfliktoloqlar Xocalı faciəsini Holokost soyqırımı ilə müqayisə edirlər. Onda cinayətin indiyə kimi cəzasız qalmasının səbəbi nədir? Bu səbəb də bilinəcək, etiraf ediləcək, onun da günahkarları beynəlxalq məhkəmənin mühakiməsinə veriləcək, şübhəsiz...

Xocalı faciəsi xalqın yaddaşında da, tarixdə də yaşadılacaq...


Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Xəbəri paylaş