Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xocalı soyqırımı bəşəriyyət, insanlıq əleyhinə cinayətdir -ÖZƏL

Xocalı soyqırımı bəşəriyyət, insanlıq əleyhinə cinayətdir


"Ermənilərin, bəşəriyyət, insanlıq əleyhinə törətdikləri cinayətdən 31 il keçir. 1992-ci il, fevralın 26-da ermənilərin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım XX əsrin ən böyük faciələrindəndir. Xocalıda qoca, qadın, xəstə, uşaq demədən hər kəsi qətlə yetirən ermənilər bununla tarixin ən qəddar, qaniçən millət olduqlarını da ortaya qoymuş oldular".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov Xocalı soyqırımının 31-ci ildönümü, həmin ərəfədə cərəyan edən proseslərdən danışarkən səsləndirib. Xocalıda azərbaycanlıların qətlə yetirilməsi, onların soyqırıma məruz qalmasında ermənilər, Ermənistan dövlətinin günahkar olduğu qədər, o zamankı Azərbaycan hakimiyyətinin də bir o qədər məsuliyyət daşıdığını və həmin cinayətə şərik olduğunu deyən millət vəkili həmin dövrdəki siyasi hakimiyyətin xocalıların müdafiəsini təşkil etmədiyini, onları köməksiz vəziyyətdə qoyduğunu vurğulayıb.

İqbal Məmmədov Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində Azərbaycan dövlətinin, onun müvafiq qurumları, eyni zamanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın apardığı "Xocalıya Ədalət" kampaniyası çərçivəsində görülən işləri xüsusi qeyd edib. Millət vəkili bildiirb ki, bütün bunların nəticəsi olaraq dünyanın əksər ölkələri, onların parlamentləri bu soyqırımı tanıyıb Ermənistan cinayət əməllərini pisləyən qərarlar qəbul etsə də, lakin hələ də həmin soyqırımı törədənlərin cəzalandırılması, onların beynəlxalq ədalət məhkəməsi qarşısına çıxarılması mümkün olmur:

"Bu da təbii ki, dünyada mövcud olan ikili standartlarla bağlıdır. Ancaq ümid edirəm ki, gec-tez Xocalıda azərbaycanlılara qarşı soyqırım həyata keçirən erməni cinayətkarların beynəlxalq ədalət məhkəməsi tərəfindən cəzalandırılmasına nail olacağıq".

Millət vəkili onu da diqqətə çatdırıb ki, hələlik Xocalı cinayətkarların ədalət məhkəməsi qarşısında cəzalandırılmasına nail ola bilməsək də, lakin həmin dəhşətli faciədə həlak olanların, ümumiyyətlə bütün şəhidlərimizin qisasını Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində ala bildik.

Tarixən ermənilərin azərbaycanlılara qarşı çox sayda soyqırım və qətliamlar törətdiyinə diqqət çəkən İqbal Məmmədov, təkcə keçən əsrin 90-cı illərində ermənilərin azərbaycanlılara qarşı bir neçə kütləvi qətlaim həyata keçirdiklərini söyləyib. Millət vəkili Qaradağlı, Ağdaban faciələrini buna əyani sübut kimi göstərib. Deputat qeyd edib ki, Xocalı soyqırımı kimi adı çəkilən faciələrimiz də paralel şəkildə dünya ictimaiyyətinə çatdırıımalı, bu faciələri törədən erməni cinayətkarlarının cəzalandırılması istiqamətində fəaliyyətimizi daha da artırmalı, intensivləşdirməliyik.
Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin hər zaman ehtiramla yad edildiyini deyən millət vəkili diqqətə çatdırıvb ki, faciə qurbanlarının anım günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrilib:

“Ümummilli lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra Xocalı faciəsi əsl siyasi və hüquqi qiymətini aldı. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul etdi. Ulu Öndərin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir”.

Anar
Xəbəri paylaş