Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan tərəfi sürətlə revanşizmə meyillənir

Ermənistan tərəfi sürətlə revanşizmə meyillənir


Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığında Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstələrinin Şuşa-Laçın yoluna alternativ torpaq yollardan istifadə etməklə Ermənistandan hərbi yükdaşımalarını davam etdirməsi məsələsinə toxunması bu məsələnin aktuallığını vurğulamaq baxımından olduqca önəmlidir.

Belə ki, dövlət başçımız ABŞ rəsmisi ilə söhbətində açıq şəkildə qeyd etdi ki, Ermənistanın Laçın yoluna köməkçi yoldan istifadə edərək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə qanunsuz hərbi daşımalar, şəxsi heyətin rotasiyasını həyata keçirməsi, habelə Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbçisinin hələ də Azərbaycan ərazisində olması ciddi narahatlıq doğurur.

Bütün bunları nəzərə alaraq Prezident Laçın yolunun Ermənistanla sərhədinin son nöqtəsində Azərbaycanın sərhəd-keçid məntəqəsinin yaradılmasının qaçılmaz olduğunu xüsusilə vurğulamaqla Azərbaycanın prinsipial mövqeyini ortaya qoyub. ABŞ tərəfi bu reallığı mütləq nəzərə almalıdır.

Görünən budur ki, sülh danışıqlarından imtina edən Ermənistan tərəfi sürətlə revanşizmə meyllənir və yeni müharibəyə hazırlaşır. Ermənistandan gizli yollarla Qarabağa canlı qüvvə və silah daşınması da məhz bu məqsədə xidmətə xidmət edir. Ortaya çıxan real faktlar da bu təxminlərimizi təsdiqləyir.

Müdafiə Nazirliyinin ötən gün yaydığı növbəti məlumatdan da bir daha görürük ki, Xankəndidəki qeyri-qanuni erməni silahlı dəstələri Şuşa-Laçın yoluna alternativ torpaq yollardan istifadə etməklə Ermənistandan hərbi yükdaşımalarını davam etdirir. Qanunsuz erməni silahlı dəstələri gecə vaxtı və dumanlı hava şəraitindən istifadə etməklə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə döyüş mövqelərinə canlı qüvvə, silah-sursat, mina, eləcə də yanacaq, su, ərzaq və digər maddi-texniki təminat vasitələri daşıyır.

Bu arada separatçıların sülhməramlıların nəzarət etdiyi ərazilərimizdə yeni səngər qazmaları faktı da onların həqiqətən də açıq döyüşə hazırlaşdıqlarını göstərir. Və məsələnin ilginc tərəflərindən biri də budur ki, bütün bu qeyri-qanuni hərbi yükdaşımaları, təxribatçı əməllər bilavasitə Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə baş verir. Üstəlik də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu günlərdə erməni həmkarı A.Mirzoyan ilə görüşdə bəzi təhrikçi fikirlər səsləndirməsi və onun Qarabağı Donbasla, Kosova ilə müqayisə etməsi sanki odun üstünə benzin tökməyə, Xankəndidəki separatçıları bir qədər də qızışdırmağa xidmət edir.

Bir sözlə, Ermənistan tərəfi Avropa İttifaqının bu ölkədəki missiyasının yerləşməsindən sui-istifadə edərək son həftələr ərzində vəziyyəti daha da gərginləşdirmək istiqamətində siyasət yürüdür. Bunu Prezident İlham Əliyev də Birləşmiş Ştatların dövlət katibi ilə telefon danışığında qeyd etdi. Separatçılar isə sülhməramlıların köməyi ilə silah-sursat daşımaqla Ermənistan hökuməti ilə əlbir işləyirlər. Bütün bunlar isə öz növbəsində sülh danışıqlarının yenidən "dalan"a dirənməsinə, hərbi eskalasiyaya gətirib çıxarır, sülh ritorikası müharibə təhlükəsi ilə əvəz olunur. Ermənistan bütün vasitələrlə müharibəyə can atır.

Lakin təbii ki, Azərbaycanın Ermənistan rəhbərliyinin məsuliyyətsiz davranışlarına və Rusiya sülhməramlılarının qanadı altına sığınan separatçı erməni tör-töküntülərinin qanunsuz əməllərinə göz yummaq fikri yoxdur. Müşahidələr onu göstərir ki, yeni antiterror əməliyyatlarının keçirilməsi ehtimalı elə də uzaqda deyil. Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrinin tərksilah edilməsi anı sürətlə yaxınlaşır.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş