Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın minatəmizləmə mütəxəssisləri MEMATT-dan razı qalıblar

Azərbaycanın minatəmizləmə mütəxəssisləri  MEMATT-dan razı qalıblar


Türkiyənin Milli Müdafiə Nazirliyinə bağlı ASFAT şirkəti tərəfindən istehsal edilən Mexaniki Mina Təmizləmə Vasitələri (MEMATT) Ermənistanın işğalından azad edilmiş ərazilərin minalardan təmizlənməsi işlərinə töhfə verir.

Azərbaycan Ermənistanın 30 illik işğal dövründə Qarabağ və ətraf ərazilərə basdırdığı minaların təmizlənməsi istiqamətində işləri sürətləndirib.

Newscenter.az xəbər verir ki, Türkiyənin də dəstəyi ilə Füzuli, Cəbrayıl, Ağdam, Kəlbəcər, Xocavənd kimi rayonlar və ətraf əraziləri minalardan təmizləmək, rayonlarda həyatın yenidən təhlükəsiz şəkildə başlaya bilməsini təmin etmək üçün uzun müddətdir qızğın iş gedir.

Ərazilərin minalardan təmizlənməsi işləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Azərbaycan Silahlı Qüvvələrinin mühəndis-istehkam bölmələri tərəfindən həyata keçirilir. Bu işdə Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Mina Axtarış və Təmizləmə (OMAT) qrupları da öz töhfəsini verir.

Türkiyənin Milli Müdafiə Nazirliyinə bağlı ASFAT şirkəti tərəfindən istehsal olunan və Azərbaycana gətirilən 20 MEMATT da ərazidə istifadə olunur.

Anadolu agentliyinin müxbirləri işğaldan azad edilmiş Cəbrayıl rayonunda Azərbaycana son olaraq təslim edilən və mühərrik gücü artırılan MEMATT-larla minatəmizləmə əməliyyatını lentə alıblar.

Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin zabiti, polkovnik-leytenant Vüqar Əzizov Anadolu agentliyinə “MEMATT bizə çox səmərəli töhfə verir. Həm insan gücü daha az istifadə edilir, həm də texnika müəyyən bir ərazini qısa müddətdə təmizləyir. Çox keyfiyyətli texnikadır. Bizə çox kömək edir”, - deyə bildirib.

ANAMA-nın digər rəsmisi Niyaməddin Hüseynov “Biz MEMATT-ların keyfiyyətini gördük. Onların sahədəki fəaliyyətindən çox razıyıq”- deyib.

MEMATT 300 at gücündə mühərriklə təchiz olunub və uzaqdan idarəetmə məsafəsi 5 kilometr təşkil edir.

MEMATT-ın mühərrik gücü artırılıb, öz sahəsində beynəlxalq rəqibləri ilə müqayisədə ən aşağı vibrasiya səviyyəsinə malik olub.

Mehman
Xəbəri paylaş