Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ordubad: Alban, pravoslav yoxsa erməni kilsəsi ?

Ordubad: Alban, pravoslav yoxsa erməni kilsəsi ?


Bir neçə gündür mediada bu fotonu paylaşıb Alban məbədi restavrasiya edildi deyirlər. Sosial mediada da fikirlər iki yerə bölünüb. Bəziləri köhnə fotonu paylaşıb niyə belə formaya saldınız deyə etiraz edirlər. Hətta bəzi media gedib alimlərdən müsahibə alıb fikir öyrənməyə başlayıblar. Özlərini də "bilici" göstərən alimlər bunun qədim alban kilsəsi olduğunu deyirlər. Alban kilsələrinin tikilişi və ümumiyətlə alban memarlığından xəbəri olmayanlar da başlayıb ay bunun qədim yaşı var, niyə belə etdiniz deyirlər. Əzizlərim nə olar xahiş edirəm, müsahibə və mövqe göstərən zaman memarlığa baxın, qaynaq və sənədlərə istinad edin də. Naxçıvan qədim ərazi olaraq Alban abidələrinin olduğu bir bölgəmizdi. Amma bu fotoda təqdim olan kilsənin Albanlara heç bir aidiyyatı yoxdur.

Bu tikilişinə görə rus pravoslav kilsəsidir. XIX əsrdə Rusiyanın Azərbaycanı işğal etməsi və burada rusların məskunlaşması Azərbaycanda pravoslavlığın yayılmasına təkan vermişdir. Bakı və Azərbaycanın digər bölgələrində məskunlaşan rus əhalisinin əksəriyyəti hərbçi və məmur ailələrindən ibarət idi. Onların dini tələbatının ödənilməsi və çar Rusiyasının Azərbaycanda mövqeyinin gücləndirilməsi məqsədilə pravoslav kilsələri və dua evləri inşa edilmişdir. Bu tikili də təxminən 1829-cu ildə Ordubadda yerləşən rus qarnizonunun əsgər zabit heyətinin dua etməsi üçün tikilən kilsə dir.Uzun müddət rus pravoslav kilsəsi kimi fəaliyyət göstərib. Abidə şəhərin ən yüksək məkanlarından birində inşa edildiyinə görə ətraf ərazi buradan yaxşı görünür. Düzdü ilk tikilişi zamanı belə deyildi. Sadə və bir qülləsi var idi. Sonradan ruslar burdan gedəndən sonra bura heç kim yaxın durmadı. Hətta bir müddət bura anbar kimi istifadə edildi. Hər yeri erməniləşdirməyə çalışan ermənilər buranı kilsə etmək üçün öz aralarında pul yığırlar. Xüsusilə bu işdə Əylis kəndində yaşayan imkanlı bir erməni çox pul verir və şərt qoyur ki, o öləndə onu və ailəsini kilsənin içində dəfn etsinlər. Buna görə burda restavrasiya işi gedəndə həmin ermənilərin məzarları tapılır.
Dövrümüzə çatmış çoxsaylı monumental memarlıq nümunələri alban memarlarının ustalığından xəbər verir. Erkən orta əsrlər alban memarlığı haqqında daha geniş və çoxsahəli məlumatı alban memarlarının ən yaxşı inşaat təcrübəsinin istifadə edildiyi dini tikililərdən almaq mümkündür. Ona görə də bu günə qədər neçə neçə alban kilsəsi memarlığını öyrənən biri kimi deyirəm ki, restavrasiya olunan bu kilsənin Alban memarlığına və albanlara aidiyyatı yoxdur.

Bir neçə dəfə sökülməsi barədə qərar qəbul edilsə də imkanlı Ordubad sakinləri buna izn verməyiblər. 1947-ci ildə burada nasos stansiyası yaradılıb. Məbədin yaxınlığında isə süni göl tikilib və bu göldən nasoslarla suvarma şəbəkəsinə su vurulub.

Buranı restavrasiya etmək qərarını kim veribsə səhv məlumat üzərində aparıb işləri. Ordubadda o qədər restavrasiya olunası yerlər qala qala buranı təmir edib alban adı ilə təqdim etmək savadsızlığı göstərir..

Zaur Əliyev, dosent
Xəbəri paylaş