"Rusiya artıq neçə müddətdir ki, KTMT missiyasının Ermənistanda yerləşdirilməsi üçün təzyiqlər göstərirdi. İndi də bu təzyiqlər davam edir, Paşinyanın KTMT missiyasının ölkəsinin ərazisində yerləşdirilməsinə razılıq verməsi Ermənistanın hər zaman olduğu kimi ikili oyun oynaması ilə bağlıdır".
Bu fikirləri Newscenter.az-a politoloq Vüqar Əhmədov səsləndirib. Onun sözlərinə görə, artıq neçə müddətdir ki, Rusiya bu məsələdə İrəvana təzyiqləri daha da artırıb:
"Bu məsələdə Paşinyanın çox müqavimət göstərməsi inandırıcı görünmürdü. Avropa missiyası KTMT missiyasının yanında bir o qədər təsirli deyil. Sadəcə Paşinyan hər iki tərəfi əldən buraxmamaq siyasətini həyata keçirir. Dediyim kimi, istər Qarabağ məsələsi, istər Ermənistan dünyada bəlkə də yeganə siyasi-inzibati ərazidir ki, burada Qərb və Rusiya ortaq məxrəcə yaxınlaşa bilir. Bunun da bir sıra amilləri var".
Vüqar Əhmədov hesab edir ki, burada Türkiyə və Azərbaycan məsələsi, Qərbdəki erməni diaspora məsələsi və Ermənistanın ərazi kimi Rusiya üçün vazkeçilməzliyi məsələsi var:
"Ona görə yeri gələrsə Ukrayna məsələsində bir-birinin ətini yeyən Rusiya və Qərb Ermənistanda bir masa arxasında otura bilər. Məhz bu səbəbdən biz hər iki tərəfin qüvvəsini orada görməkdəyik", deyə politoloq vurğulayıb.
Anar