Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə “Ulu Öndər Heydər Əliyev və milli-mədəni irsimiz” mövzusunda akademik seminar keçirilib.
Ümummilli Lider Heydər Əliyev və görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunan seminar Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı və Qaradağ rayon Heydər Əliyev Mərkəzinin tərəfdaşlığı ilə baş tutub.
Newscenter.az xəbər verir ki, seminarda millət vəkili, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, Qaradağ Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, İdarənin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, məktəb direktorları, müəllim və şagirdlər iştirak ediblər.
Qaradağ rayon Heydər Əliyev Mərkəzində təşkil olunan seminarda tədbir iştirakçıları öncə Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Heydər Əliyev Mərkəzi ilə tanış olan qonaqlara Ümummilli Lider Heydər Əliyevin həyatı və zəngin dövlətçilik fəaliyyəti barədə ətraflı məlumat verilib.
Dövlət Himni ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Heydər Əliyev və Zərifə Əliyevanın həyat və fəaliyyətlərindən bəhs edən videoçarx nümayiş olunub.
YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 100 illiyi ərəfəsində belə tədbirlərin təşkilinin əhəmiyyətini qeyd edib.
Milli Məclisin deputatı Sadiq Qurbanov “Ulu Öndər Heydər Əliyev və milli-mədəni irsimiz” mövzusunda məruzə ilə çıxış edib. S.Qurbanov Dahi Lider Heydər Əliyev tərəfindən böyük fədakarlıqla qorunaraq hifz edilən milli-mədəni irsimizin gənc nəslə ötürülməsinin böyük vəzifə kimi qarşıda durduğunu diqqətə çatdırıb.
Daha sonra mövzu ətrafında şagirdlərlə fikir mübadiləsi aparılıb. Həmçinin məktəblilər Heydər Əliyev irsinin öyrədilməsi ilə bağlı keçirilən seminar barədə öz təəssüratlarını bölüşüblər.
R.Mehdiyeva