Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

II Bakı Elm Olimpiadasının final mərhələsinin ilk turu keçirilib

II Bakı Elm Olimpiadasının final mərhələsinin ilk turu keçirilib


Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən II Bakı Elm Olimpiadasının final mərhələsinin nəzəri hissəsi keçirilib.

Newscenter.az xəbər verir ki, olimpiadanın I mərhələsində ən yüksək nəticə göstərən 24 komanda (Kimya-biologiya təmayüllü Respublika Liseyi, Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyi, Akademik Zərifə Əliyeva adına lisey, Fizika, riyaziyyat və informatika təmayüllü Respublika Liseyi, Bakı Avropa Liseyi, BDU-nun nəzdində “Gənc istedadlar” liseyi, Heydər Əliyev adına lisey, S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya, Humanitar fənlər təmayüllü məktəb-lisey, Məktəb-Lisey Kompleksi, 220 nömrəli məktəb-lisey, 264 nömrəli məktəb-lisey, 287 nömrəli Zəkalar liseyi, 166 nömrəli məktəb-lisey, 136, 260, 24, 129, 313, 229, 80, 276, 329, 192, 24 nömrəli tam orta məktəblərin komandaları) final mərhələsində iştirak edib.

8-ci və 9-cu sinif şagirdləri arasında keçirilən olimpiadanın final mərhələsinin nəzəri hissəsi 276 nömrəli tam orta məktəbdə təşkil olunub.

Olimpiadanın final mərhələsinin ilk turunda şagirdlər 3 saat ərzində hər fənn üzrə 5 qapalı və 1 açıq tipli (nəzəri) tapşırığı (ümumilikdə 15 qapalı və 3 açıq tipli (nəzəri) tapşırıq) cavablandırıblar.

Aprelin 26-da Bakı Ali Neft Məktəbində keçiriləcək final mərhələsinin II turunda isə məktəblilər 3 saat ərzində hər fənn üzrə 1 təcrübə işini (ümumilikdə 3 təcrübə işi) yerinə yetirəcəklər.

Final mərhələsində hər bir qapalı tipli tapşırıq 2 bal olmaqla, ümumilikdə 30 balla, açıq tipli tapşırıqlar da 30 balla qiymətləndiriləcək. Təcrübə işinin qiymətləndirilməsi isə ümumilikdə 40 ballıq sistemlə aparılacaq.

Qaliblər Təşkilat komitəsi tərəfindən təyin olunmuş mütəxəssislərdən ibarət Ekspert qrupu tərəfindən müəyyənləşdiriləcək.

Qaliblərə BŞTİ tərəfindən diplom, medal və hədiyyələr təqdim ediləcək. Həmçinin final mərhələsinə keçən komandalar arasından ən yüksək bal toplayan komanda üzvləri diplomla təltif olunacaq.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağını daha da artırmaq, bu sahədə nəzəri-təcrübi biliklərini təkmilləşdirmək, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaratmaq, istedadlı şagirdləri aşkara çıxarmaqdan ibarətdir.

R.Mehdiyeva
Xəbəri paylaş