"Dünən nəqliyyatla bağlı edilən ən maraqlı yenilik BNA-nın AYNA-ya qoşulmaqla ləğvi yox, Nəqliyyatı Əlaqələndirmə Şurasının yaradılmasıdır".
Newscenter.az xəbər verir ki, bu fikirləri nəqliyyat üzrə ekspert Ərşad Hüseynov səsləndirib. Onun sözlərinə görə, Şuranın əsasnaməsi hələ hazır olmasa da, onun tərkibinə, yaradılma məqsədinə diqqət etdikdə bu qurumla bağlı ümumi konturlar görünür: "Sərəncamda qeyd edildiyi kimi əsas məqsədlər nəqliyyatın ayrı-ayrı növlərinin koordinasiyalı fəaliyyətinin təmin edilməsi, əhalinin mobilliyinin təmin edilməsi, yol və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, yol hərəkətinin təşkili, təhlükəsizliyi və tənzimlənməsi sahələrində fəaliyyətin əlaqələndirilməsi və təkmilləşdirilməsidir. Şuranın tərkibinə diqqət etdikdə aydın olur ki, bu qurum daimi fəaliyyət göstərməyəcək, yalnız vaxtaşırı müəyyən məsələləri müzakirə edərək qərarlar qəbul edəcək".
Ekspert deyib ki, Şuranın əsas hədəfi ölkəmizdə vahid nəqliyyat siyasətini müəyyən etmək olmalıdır: "Bu siyasətin daxilində əsas yeri əhalinin müasir və dayanıqlı mobilliyinin təmin edilməsi, səmərəli yol-nəqliyyat infrastrukturunun qurulması və dayanıqlı yol hərəkəti təhlükəsizliyi sisteminin yaradılması tutmalıdır. Şura sadəcə vaxtaşırı iclaslar yolu ilə bu işin öhdəsindən gələ bilməz. Ona görə də onun daimi işçi qurumu (məsələn, "katiblik" adı ilə) olmalıdır. Bu daimi işçi qurum ölkəmizdə nəqliyyat sahəsində "Beyin mərkəzi"nə çevrilməlidir. Həmin mərkəzin təhlilləri, gəldiyi nəticələr, irəli sürdüyü təkliflər və həll yolları qanunvericiliyə uyğun hüquqi təsbitini (qanunlarda, fərmanlarda, qərarlarda və s.) tapmalı və bu sahəyə aid olan bütün dövlət orqanları tərəfindən sözsüz icra edilməlidir".
Ərşad Hüseynov hesab edir ki, hər bir halda yaxın gələcəkdə növbəti addımları da görəcəyik: "Dünən edilən yeniliklər son 20 ildə ölkəmizdə nəqliyyat sahəsində baş verən 3-cü ciddi institusional dəyişiklikdir. Bu, təxminən hər şeyi yenidən başlamaq kimi bir şeydir. Cəmiyyətin gözləntiləri kifayət qədər çoxdur. Ümid edək ki, bu gözləntilər doğrulmaq istiqamətində gedəcək".
Natiq