Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində Azərbaycan Standartlaşdırma İnstitutunda Almaniyanın milli metrologiya təşkilatı olan Fiziki-Texniki Federal İnstitut (PTB) tərəfindən “Azərbaycanda tikinti materiallarına dair keyfiyyət tələbləri və xidmətləri” mövzusunda seminar keçirilib. Seminar Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Şərq Tərəfdaşlığı Ölkələrində Artan Ticarət üçün Keyfiyyət Standartları” layihəsi çərçivəsində baş tutub.
Newscenter.az xəbər verir ki, layihənin məqsədi Azərbaycanda yüksək keyfiyyətli, təhlükəsiz və dayanıqlı tikinti materiallarının istehsalının və ixracının təşviq edilməsi, bu sahədə ticarət və yaşıl iqtisadiyyata keçidin genişləndirilməsi, keyfiyyət infrastrukturunun inkişaf etdirilməsi və müvafiq xidmətlər üzrə potensialın gücləndirilməsini dəstəkləməkdir.
Seminarda PTB-nin eksperti Dr. Ulrich Harmes-Liedtke Calidena metodu və onun tikinti sənayesində tətbiqi barədə təqdimatla çıxış edib. Bundan əlavə, Azərbaycanda tikinti sektoruna daxil olan maraqlı tərəflər nəzərdən keçirilib və müvafiq tikinti məhsullarının seçilməsi ilə bağlı müzakirələr aparılıb.
Tədbirdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və onun tabeliyində olan qurumların, tikinti sahəsində fəaliyyət göstərən dövlət və özəl təşkilatların və biznes assosiasiyalarının nümayəndələri iştirak edib.
Natiq