"Tərtər rayonunun Tapqaraqoyunlu istiqamətində minalardan təmizlənməmiş ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 3 mülki şəxsin - Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğlunun həlak olması xəbərini böyük bir üzüntü və hiddət hissilə qarşıladıq. Həlak olan soydaşlarımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. Partiya sədri bildirib ki, 44 günlük İkinci Qarabağ müharibəsinin bitməsindən iki ildən çox vaxt keçməsinə baxmayaraq işğaldan azad edilmiş ərazilərimizdə hələ də tez-tez faciəli mina partlayışlarının baş verməsi Ermənistanın ölkəmizə qarşı, mülki vətəndaşlarımıza qarşı terror siyasətinin başqa formada davam etdirməsi kimi qiymətləndirilməlidir:
"Partlayışların baş verdiyi ərazilərdən 2021-ci il istehsalı olan mina qalıqlarınının tapılması da bir daha bu faktı təsdiqləyir ki, Ermənistan rəhbərliyi və Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasındakı ərazilərimizdə cəmləşən erməni separatçıları Azərbaycan hərbçilərinə və mülki şəxslərinə qarşı mina terrorunu məqsədyönlü şəkildə davam etdirir".
MHP sədri qeyd edib ki, mina qurbanlarının sayı gündən-günə artır:
"Belə ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə aktiv döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin və separatçıların basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçularımız və mülki vətəndaşlarımız arasında ümumilikdə 298 nəfər mina qurbanlarından 54 nəfəri həlak olub, 244 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Azərbaycan bu amansız terror siyasətinin dayandırılması üçün beynəlxalq təşkilatlara, Ermənistana havadarlıq edən ölkələrə və bütövlükdə dünya birliyinə dəfələrlə müraciət etsə də, lakin hələki heç kim ermənilərin mina terrorizminin qarşısını almağa tələsmir. Sadəcə ümumi bəyanatlarla kifayətlənirlər.
Fransanın ermənipərəst xarici işlər naziri Katrin Kolonna kimi diplomatlar isə hələ də utanıb-qızarmadan 30 il ərzində işğal və etnik təmizləmə siyasətini aparan, bu gün də ərazilərimizi minalamağa davam edən Ermənistan kimi terrorçu bir dövlətin tərəfini tutmağa davam edir və Azərbaycana qarşı əsassız iddialar səsləndirir".
Əlisahib Hüseynov daha sonra bunları qeyd edib:
"Biz dünya birliyini Ermənistanı imzaladığı razılaşmalar üzrə öhdəlikləri yerinə yetirməyə və Azərbaycana qarşı təxribatlardan əl çəkməyə sövq etməsi üçün bir an öncə hərəkətə keçməyə çağırırıq. Ermənilərin ərazilərimizdə təşkil etdiyi dəhşətli mina partlayışlarına səssiz qalmağa sizin sadəcə olaraq mənəvi ixtiyarınız yoxdur!".
Anar