Böyük tarixi şəxsiyyətlər böyük ideyalarla yaşayır, cəmiyyəti bu ideyaların gərəkliyinə inandıra bilir, cəmiyyətin fəaliyyətini bu ideyaların cazibəsində yaşamağa, işləməyə, xalq naminə, dövlət, dövlətçilik naminə gərəkli işlər görməyə səfərbər edir. Dünyəvi siyasətin səmimiyyətlə etiraf etdiyi qüdrət sahiblərindən biri kimi tanınan Heydər Əliyev belə tarixi şəxsiyyət olmaqla Azərbaycan dövlətçiliyini bəşəriliyi müəyyənləşdirən, onunla səsləşən azərbaycançılıq ideologiyası ilə yaşadırdı. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”, - Ulu Öndər belə deyirdi və bu qürur yeniyetmələrin də, gənclərin də vətənpərvərlik duyğularının istinadı idi. İndi də belədir. O, Azərbaycan dilinin saflığının qorunmasının, dünyəvi nüfuzunun mühafizəsinin cəfakeşlərindən idi və türk dünyası belə bir ruhun cazibəsində daha nurlu gələcəyin təmin ediləcəyinə inanırdı.
Ulu Öndərin azərbaycançılıq ideologiyası vəətənsevərliyə əsaslanırdı. Azərbaycançılığın dövlət səviyyəsində mühafizə edilməsi vətənpərvərliyin yüksəlişinə qayğı kimi dərk edilirdi. Ulu Öndər də məhz bunu tövsiyə və tələb edirdi.
Böyük tarixi şəxsiyyət deyirdi:“Vətəndaş” sözü böyük sözdür, müqəddəs sözdür. “Vətəndaş” sözü o deməkdir ki, hər bir vətəndaş öz Vətəninə sadiq olmalıdır, onu göz bəbəyi kimi qorumalıdır və Vətəninin uğrunda, torpağının uğrunda, anasının, atasının müdafiəsi yolunda şəhid olmağa hazır olmalıdır”. Bu fikir, müəyyən mənada, azərbaycançılığın dərkinin fəlsəfəsidir. Həm də məfkurəni yaşada-yaşada yaşama amalıdır. Bu fikirlər daha həssas bir mətləblə tamamlanırdı: “Biz hamımız azərbaycanlıyıq, hamımızın dilimiz var, hamımız da bu azərbaycancılığı anadangəlmə qəbul etmişik”. Dahi şəxsiyyət qürurla xatırladırdı ki, Azərbaycan xalqının potensialı - həm qəhrəmanlıq, həm döyüşkənlik, həm də intellektual potensialı böyükdür. Bu qürur Dədə Qorqud dastanlarının 1300 illiyinin təntənəli səviyyədə keçirilməsində vasitə oldu, bu qürur Dünya azərbaycanlılarının birliyini azərbaycançılıq ideologiyasının mənəvi tərkib hissələrindən birinə çevirdi, bu qürur Azərbaycan ədəbiyyatının, incəsənətinin, mədəniyyətinin inkişafını milli ruhun yaşam fəlsəəfəsinə çevirdi, ...
Ulu Öndər Azərbycanın həm də tolerant bir dövlət olduğunu xatırladırdı. Azərbaycançılıq ideoligiyası Azərbaycanda yaşayan bütün xalqların bəhrələnə bilməsi üçün böyük ideoloji gücdür. Bunlara əsaslanan dahi rəhbər 1993-cü il iyun ayının 15-də Azərbaycan Respublikası Milli Məclisinin iclasında çıxışında deyirdi: “Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların Vətəni olub, bundan sonra da Vətəni olmalıdır”.
Böyük tarixi şəxsiyyət Heydər Əliyevin tövsiyələrinin mahiyyəti azərbaycançılıq məfkurəsinin hər bir gəncin dünyagörüşünün “beşik laylası” kimi anlaşılması ilə səsləşirdi. Gənclər bu tövsiyələri bir ömürün sabahlarına aqil tövsiyəsi bilirdi və bu bilgi onların düşüncələrini Ulu Öndərin arzuladığı məcraya yönəldirdi: “Mən bu gün bir azərbaycanlı kimi, özündə həm milli-mənəvi dəyərləri, həm də ümumbəşəri dəyərləri cəm edən bir insan kimi deyirəm ki, bizim xalqımızın mənəvi-əxlaqi mentaliteti onun ən böyük sərvətidir, xalqımızın milli-mənəvi dəyərləri onun milli sərvətidir... Biz tarixi köklərimizi həmişə iftixar hissi ilə qiymətləndirməliyik və tarixi köklərimizin mənasını dünyaya bəyan etməliyik, yaymalıyıq, təbliğ etməliyik, onunla fəxr etməliyik... Öz milli-mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərlə birləşdirib, zənginləşdirib Azərbaycan xalqının ümumi dəyərlərini, mənəvi dəyərlərini yaratmalıyıq... Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir”...
Böyük tarixi şəxsiyyətin həyatı Azərbaycan dövlətçiliyinin və azərbaycançılıq ideologiyasının işığı olub. Gənclər Ulu Öndərin “Bizim vətəndaşlıq borcumuz milli-mənəvi dəyərlərimizə, doğma torpağımıza, doğma ana dilimizə, böyük və zəngin tariximizə, millətimizə sadiq olmaqdan ibarətdir” kəlamlarını da unutmur...
Bu işıq günümüzün gənclərinin vətənsevərliyinin əsasıdır.
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı