"Ulu öndər Heydər Əliyevin anadan olmasından 100 il ötür. Bu gün xalqımız onun taleyində və tarixində silinməz izlər qoymuş Heydər Əliyevi bir daha dərin ehtiramla xatırlayır və yad edir. Azərbaycanda dövlət quruculuğu, iqtisadi dirçəliş, sosial-siyasi həyatda tərəqqi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev Azərbaycanı bir dövlət, xalqımızı isə bir millət kimi tarixin ağır və sərt sınaqlarından uğurla çıxarıb. Azərbaycan dövlətini dünya dövlətləri arasında irəli çıxaran, ölkəmizi parçalanmaq təhlükəsindən xilas edən, respublikamızın inkişafına möhkəm zəmin yaradan Ulu Öndər Heydər Əliyevin siyasi kursu nəticəsində, Azərbaycan özünün müstəqilliyinin sütunlarını möhkəmlətdi, onun dünyaya inteqrasiya olunmasına töhfələrini verdi".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, Heydər Əliyev fenomeni təkcə Azərbaycanla məhdudlaşmır:
"O, dünya siyasətçiləri arasında özünəməxsus rolu olan və sayılıb seçilən, siyasi zirvələr fəth etmiş nadir şəxsiyyətlərdəndir. Heydər Əliyev bir məktəb idi və zamanında iqtidar və ya müxalifətdə olmasından, siyasi baxışlarının nə olmasından asılı olmayaraq çoxları bu məktəbdən bəhrələndi.
Ulu Öndərin doğum günündə onun keçdiyi ömür yoluna bir daha nəzər saldıqda belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söhbət açanda ilk öncə 1969-1982-ci illərə, onun Sovetlər birliyi dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək vacibdir. Həmin illərdə yaşamış dövlət və sənət xadimləri, təsərrüfat adamları, ziyalılar daim Ulu Öndərimizlə bağlı xatirələrində belə görkəmli şəxsiyyətin müasiri olmaqdan qürurlandıqlarını bildirir və qeyd edirlər ki, onun Azərbaycana rəhbərliyi ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olub. O vaxta kimi Azərbaycan adlı respublika nəinki dünya, hətta ittifaq miqyasında o qədər də tanınmırdı. Azərbaycan keçmiş SSRİ-nin geridə qalmış ucqarlarından biri hesab olunurdu. O vaxtadək respublikaya rəhbərlik edənlər bununla barışır, vəziyyəti dəyişməyə cəhd göstərmirdilər. Bu xoşagəlməz tendensiya Azərbaycan KP MK-nın 1969-cu il iyul plenumuna qədər - Heydər Əliyev birinci katib seçilənədək davam etdi. Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi ilə həyat ritmi dəyişdi: bütün sahələrdə görünməmiş canlanma və inkişaf, nəhəng tikinti-quruculuq işləri başlandı. Qısa vaxt ərzində onun təşəbbüsü ilə mühüm sənaye müəssisələri inşa edildi, kənd təsərrüfatı, elm və təhsil sahələrində qətiyyətli islahatlar həyata keçirilməyə başladı".
Yusif Bağırzadə qeyd edib ki, Heydər Əliyev sonrakı dövrdə də, yəni Siyasi Büronun üzvü seçilib SSRİ kimi nəhəng dövlətin hakimiyyət iyerarxiyasında yüksək mövqe və vəzifə tutduqdan, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildikdən sonra da daim Azərbaycanı düşündü. Vəzifə imkanlarından istifadə edərək, İttifaq büdcəsindən Azərbaycana mümkün qədər çox vəsait ayrılmasına, bir sıra irimiqyaslı layihələrin Bakıya salınmasına nail oldu:
"Sonra məlum hadisələr baş verdi. Mixail Qorbaçov siyasi hakimiyyətə gəldikdən sonra Heydər Əliyevə münasibət dəyişdi, ona qarşı həsəd və qısqanclıq hissləri baş qaldırdı. Ölkə rəhbərliyi ilə aralarında yaranmış ixtilaflar və ciddi fikir ayrılığı səbəbindən istefa verdi. Bununla eyni vaxtda Azərbaycanın qara günləri başladı. Onda da, indi də bir çoxları əminliklə deyirlər ki, əgər o vaxt Heydər Əliyev rəhbərlikdə olsaydı, nə Qarabağ, nə də 20 Yanvar hadisələri baş verməzdi. Heydər Əliyevin ikinci hakimiyyət dövrü isə müstəqillik qazandığımız çox çətin və mürəkkəb illərə təsadüf edir. Ermənilər tərəfindən ölkəmizə qarşı ərazi iddiaları nəticəsində ərazisimizin 20 faizi işğal edildi, 20 mindən çox şəhid verdik, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Sovet rejiminin qəddarlığı sayəsində Azərbaycanda baş verən 20 Yanvar qırğınlarından sonra Heydər Əliyev doğulduğu Naxçıvana qayıtdı və burada xalqın iradəsi ilə Ali Məclisə rəhbərlik etməyə başladı. Məhz onun qətiyyəti və fədakarlığı sayəsində blokada şəraitində yaşayan Naxçıvan əhalisi müdrik rəhbərin ətrafında sıx birləşərək onun timsalında xilas yolunu tapdılar. Heydər Əliyev Naxçıvanı həm erməni təcavüzündən, həm də siyasi təlatümlərdən qoruya bildi.
17 noyabr 1990-cı ildə Ulu Öndər hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağını Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq etmiş, Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdı. Məhz onun təşəbbüsü ilk dəfə olaraq üçrəngli bayrağımız Naxçıvan Ali Məclisinin binasının üzərində dalğalandı. Məhz bu hadisə müstəqillik uğrunda mübarizə tariximizin ən parlaq səhifəsidir və bununla da milli azərbaycançılıq ideologiyasının inkişaf dövrü başlandı. Bayrağımıza, mənəvi dəyərlərimizə sədaqətini ifadə edən Heydər Əliyev fiziki varlığını təhlükə qarşısında qoyaraq öz millətinə xidmət etməyi hər şeydən üstün tutdu, bu yolda heç bir çətinlikdən, qadağadan qorxub çəkinmədi".
Yusif Bağırzadə onu da qeyd edib ki, 1993-cü ildə, ölkəmiz üçün son dərəcə mürəkkəb və ağır vəziyyətdə xalqın təkidli çağırışları ilə hakimiyyətə qayıdan Heydər Əliyev məsuliyyəti və xilaskarlıq missiyasını cəsarətlə çiyinlərinə götürdü:
"Azərbaycanı çətin sınaqlardan çıxararaq separatizmin, dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı, ölkəni parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Yenicə yaranmaqda olan nizami ordu ermənilərin torpaqlarımıza aramsız hücumlarını dayandıra bildi, Qarabağ müharibəsində atəşkəsə nail olundu. Müharibənin dayandırılmasından sonar isə Heydər Əliyevin qarşısında digər mühüm bir vəzifə dayanırdı. Azərbaycanı düşmüş olduğu bataqlıqdan çıxarmaq, dağıdılmış iqtisadiyyatı bərpa etmək, sənaye və kənd təsərrüfatını dirçəltmək üçün yollar tapmaq. Bu vəzifə isə sözsüz kı, böyük həcmdə maliyyə vəsaiti tələb edirdi. O dövr üçün maliyyəni isə yalnız neftdən gələn gəlirlər hesabına əldə etmək mümkün idi. Ölkədə siyasi-ictimai sabitliyin hələ yetərincə möhkəm olmadığı bir vaxtda xarici şirkətlərin riskə gedib Azərbaycan neftinə sərmayə qoyacağı isə böyük sual altında idi. Lakin ulu öndər bu vəzifənin də öhdəsindən gəldi. O dünyanın aparıcı neft şirkətlərini inandırmağı bacardı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın inkişafının, gələcək uğurlarının başlanğıc nöqtəsi oldu. Heydər Əliyevin düşünülmüş və müdrik siyasəti nəticəsində qısa zamanda Azərbaycan iqtisadiyyatı inkişaf etdi. İqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü in¬kişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən, ərzaq təminatına nail olmaq və nəticə eti-barı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltmək məqsədilə MDB məkanında ilk dəfə olaraq torpaq islahatı həyata keçirildi. Bazar iqtisadiyyatı prinsiplərinin, sahibkarlıq sinfinin formalaşdırıl¬ması məqsədilə dövlət tərəfindən zəruri addımlar atıldı. Sahibkarlı¬ğın inkişafı və bu sahədə mövcud problemlərin aradan qaldırılması üçün ardıcıl dövlət proqramları qəbul edildi, qanunvericilik bazası yaradıldı.
İqtisadiyyatda aparılan islahat¬lar, qanunvericiliyin, vergi və bank sistemlərinin sürətlə dəyişən iqtisadi şəraitə uyğunlaşdırılması, bazar iqtisadiyyatı prinsiplərinə cavab verən yeni iqtisadi siyasətin həyata keçirilməsi Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasına, dövlətlərarası münasibətlərin fəal subyektinə çevrilərək dünya miq¬yasında layiqli yer tutmasına təkan verdi. Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar qısa bir zamanda uğurlu nəticələr verərək iqtisadi inkişafa gətirib çıxardı, ölkəmizin qüdrətli iqtisadi dayaq¬ları üçün əsaslar yaratdı".
Sonda politoloq onu da vurğulayıb ki, ulu Öndər Heydər Əliyev həm də hüquqi dövlətin sarsılmaz əsaslarını qoydu:
"Onun Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət fonunda ölkənin siyasi-hüquqi sistemində müsbət mənada əsaslı dəyişikliklər oldu. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti addımlar atıldı: məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi və onlarla digər bu kimi islahat xarakterli demokratik təşəbbüslər bilavasitə Heydər Əliyevin gərgin əməyinin nəticəsidir. Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli ideallara bağlı olmuşdur. Heydər Əliyev bütün zəngin və mənalı həyatı boyu daim xalqını, vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, təbiətin bəxş etdiyi bir çox fitri keyfiyyətlər sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəslinin bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən faydalanacağı şübhəsizdir”.
Anar Əliyev