“2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” tədbirləri çərçivəsində Şuşada türk dövlətlərinin media qurumlarının rəhbərlərinin görüşünün keçirilməsi əhəmiyyətli olardı”.
Belə bir təşəbbüslə “Türk Dünyası Media Əməkdaşlıq Alyansı” İctimai Birliyinin sədri Süleyman İsmayılbəyli çıxış edib. İctimai Birlik sədri Newscenter.az-a verdiyi açıqlamada bildirib ki, belə bir tədbirin keçirilməsi Şuşanın türk dünyasının mediasının imkanlarından istifadə edərək dünyaya tanıdılması baxımından da əhəmiyyətli olar:
“Düzdür, türk dövlətlərində fəaliyyət göstərən bütün media qurumlarını Şuşaya toplamaq bir qədər çətin olar. Ancaq həmin coğrafiyaya daxil olan ölkələrin aparıcı media qurumlarının, eləcə də rəsmi media quruluşlarının iştirakı ilə belə bir tədbir keçirmək mümkündür. Ümid edirəm ki, Medianın İnkişafı Agentliyi (MEDİA), eləcə də Azərbaycan Mətbuat Şurası bu istiqamətdə müvafiq dövlət qurumları qarşısında məsələ qaldıracaqlar”.
Süleyman İsmayılbəyli deyib ki, paralel olaraq türk dövlətlərində fəaliyyət göstərən media təşkilatları, ictimai birliklərinin də görüşünü keçirmək mümkündür.
Anar Əliyev