Bu gün dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Azərbaycanda da hər il bu tarixdə muzeylərə, tarixi-mədəni abidələrə ziyarətlər təşkil edilir.
Newscenter.az-ın xəbərinə görə, 18 may, Beynəlxalq Muzeylər Gününün əhəmiyyəti, ölkəmizdə bu sahəyə olan diqqət və qayğıya toxunan tarix üzrə fəlsəfə doktoru Leyla Məcidova deyib ki, Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub.
Onun sözlərinə görə, ölkəmizdə muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır:
"Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu Öndər respublikada müvafiq şəbəkənin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər nəhəng simalarının memorial-xatirə, mənzil, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri məhz ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində yaradılıb".
Arzu Abdulova