Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda “Müasir dövrdə birgəyaşayışın çağırışları və perspektivləri” adlı konfrans keçirilib

Bakıda “Müasir dövrdə birgəyaşayışın çağırışları və perspektivləri” adlı konfrans keçirilib


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Bəhailəri Dini Mərkəzinin birgə təşkilatçılığı ilə “Müasir dövrdə birgəyaşayışın çağırışları və perspektivləri” mövzusunda konfrans keçirilib.

Newscenter.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar arasındakı münasibətlər, əməkdaşlıq əlaqələri və birgəyaşayış mədəniyyətinin perspektivlərinə həsr olunan tədbirdə Dövlət Komitəsinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbərliyi, Milli Məclisin deputatı, o cümlədən Azərbaycanda fəaliyyət göstərən müsəlman və qeyri-müsəlman dini icmaların nümayəndələri iştirak ediblər.

Azərbaycan Bəhailəri Dini Mərkəzinin katibi Ramazan Əsgərli konfransı giriş sözü ilə açaraq mövzunun əhəmiyyətindən və aktuallığından bəhs edən təqdimatla çıxış edib. Bildirib ki, ölkədəki tolerantlıq mühiti, dinlərarası münasibətlərin tənzimlənməsi, hətta ölkənin regionun münaqişələr alovunda yandığı bir vaxtda sabitlik adası kimi saxlanması və gələcək inkişaf yoluna çıxarılması birbaşa Ulu Öndər Heydər Əliyevin siyasi dühasının nəticəsi idi. Mərkəzin nümayəndəsi cəmiyyətdə sülh və barış içində birgəyaşayışın, sosial uzlaşmanın və birliyin təməl şərtləri barədə danışaraq əsas konsepsiyaları - daha çox insanın vətəndaş olaraq töhfə verə biləcəyi mühitin yaradılması və ümumi ideya ətrafında birləşməsi; qadınların rolunun artırılması; gənclərin bütün bu proseslərə sadəcə cəlb edilməsi yox, ümumiyyətlə, prosesin əsl qəhrəmanına çevrilməsi; ailənin sosial vahid və təlim-tərbiyə mühiti kimi rolunun dəyərləndiriməsi və s. konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Toplantıda çıxış edən Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli deyib ki, Azərbaycanın geosiyasi vəziyyəti, böyük dövlətlərin ölkəmizə marağı, bu maraqlar altındakı məkrli niyyətlər, bu niyyətlər qarşısında güclü olmaq zərurəti dinindən, məzhəbindən asılı olmayaraq hər bir vətəndaşın üzərinə məsuliyyət qoyur.

Fəzail İbrahimli qeyd edib ki, müxtəlif illərdə qoyulan qadağalara və siyasətə baxmayaraq, Azərbaycan xalqı öz dinini və milli-mənəvi dəyərlərini qoruyub saxlayıb. Beynəlxalq hüququn normalarına söykənən Azərbaycan Konstitusiyası milliyyətindən asılı olmayaraq, hər bir vətəndaşın dini etiqad azadlığını tanıyır. Qanunla hər kəsə öz iradəsi ilə istədiyi dini seçməyə və azad şəkildə ibadət etməyə icazə verilir.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, qloballaşan dünyada baş verən bütün proseslər, xüsusilə də ekoloji və demoqrafik dəyişikliklər bu gün dinlərə baxışı yenidən gündəmə gətirir. Müasir dövrdə cərəyan edən hadisələr insanları birgəyaşayışın yeni prinsip və formalarını araşdırıb tapmağa sövq edir.

M.Qurbanlı bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qarşısında qoyduğu əsas məsələlərdən biri dövlət-din münasibətlərinin tənzimləməsi idi. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Konstitusiyamızda dini etiqad, eləcə də söz və vicdan azadlığı ilə bağlı müddəalar dəqiq müəyyənləşdirilib. Azərbaycanda müsəlmanlar, xristianlar, yəhudilər və digər dini icmaların nümayəndələri birgə yaşayır və dövlət tərəfindən bu sahəyə xüsusi həssaslıqla yanaşılır. Komitə sədri Prezident İlham Əliyev tərəfindən dini sahəyə daim diqqət və qayğı göstərildiyini, ayrı-ayrı dini icmalara münasibətdə heç bir fərqin qoyulmadığını və bu münasibət sayəsində Azərbaycanın zəngin tolerant və multikultural dəyərlərinin qorunduğunu deyib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov isə bildirib ki, bu gün Azərbaycanda 30-dan çox fərqli dinə, mədəniyyətə malik olan xalq yaşayır. Mürəkkəb tarixi mərhələlərdən keçməyimizə və çətin geosiyasi mövqeyimizə baxmayaraq, biz bu gün bütün dünyaya nümunə sayıla biləcək ideal birgəyaşayış nümunəsi yarada bilmişik. R.Həsənov Azərbaycanın sözügedən müxtəlifliyi dövlət siyasəti səviyyəsinə qaldıran nadir ölkələrdən olduğunu vurğulayıb.

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Konstantin Pominov, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumunun nümayəndəsi Toral Ağayev, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Bakı şəhəri “Yevangelist Xristian Baptistlərinin kilsəsi” dini icmasının sədri İlya Zençenko, Azərbaycan Bəhailəri Dini Mərkəzinin sədri Azər Cəfərov birgəyaşayışla bağlı meyillərin gücləndirilməsi üçün ölkəmizdə zəruri tədbirlərin həyata keçirilməsindən, Azərbaycandakı mövcud dini-etnik dözümlülük, müxtəlif mədəniyyətlər arasındakı sivil dialoqun dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları tərəfindən təqdir olunmasından danışıblar.

Mehman Mehdiyev
Xəbəri paylaş