Azərbaycan Respublikasının Mədəniyyət Naziri Adil Kərimli Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetində olub, Universitetdəki Füzuli adına Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi ilə tanış olub. Mərkəz Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə yaradılıb.
Qeyd edək ki, Füzuli Mərkəzində Azərbaycana dair kiçik kitabxana, guşələr, sərgilər təşkil olunmuş və Mərkəz daimi olaraq Özbəkistanda Azərbaycan mədəniyyətini, ədəbiyyatı, elm, təhsilini təbliğ edir.
Newscenter.az xəbər verir ki, Mərkəzin rəhbəri Gülbahar Aşurova Füzuli adına Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin fəaliyyətinə dair qonaqları məlumatlandırıb.
Qonaqlara Füzuli Mərkəzindəki “Füzuli dilbəndləri” dərnəyinin iştirakçıları təqdim olunub və gənclərlə səmimi dialoq olub. “Füzuli dilbəndləri” dərnəyinin üzvləri Azərbaycan-Özbəkistan dostluğuna dair şeirlər səsləndiriblər. Görüşdə gələcək zamanlarda yeni layihələr əsasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsi məsələlərinə dair fikirlər bölüşülüb.
Qonaqlar universitetin beynəlxalq şöbəsində olub, universitetin fəaliyyəti və nailiyyətləri ilə yaxından tanış olublar.
Nazir Adil Kərimli fəxri qonaqlar kitabına ürək sözlərini yazıb. Qonaqlar Universitet haqqında dərin təəssürat yaratdığını qeyd ediblər.
Azərbaycan-Özbəkistan dövlət başçıları İlham Əliyev və Şavkat Mirziyoyevin uğurlu siyasəti nəticəsində ölkələrimiz arasında dostluq və əməkdaşlığın yüksək səviyyəyə çatdırılması, mədəniyyət və ümumiyyətlə bütün sahələrdə münasibətlərin durmadan inkişaf etməsi xüsusi qeyd olunub.
Görüşdə Azərbaycan və Özbək xalqlarının əbədi-ədəbi dostluğun gələcəkdə daha da inkişaf edəcəyinə əminlik ifadə edilib.
Anar Əliyev