“12 avqust Beynəlxalq Gənclər Günüdür. Bu əlamətdar gün münasibəti ilə bütün Azərbaycan gənclərini təbrik edir, qüdrətli Azərbaycan dövlətinin inkişafı naminə atdıqları hər bir addımın uğurlu, Vətənimiz üçün xeyirli olmasını arzulayıram. Böyük fəxarət hissi ilə qeyd etmək istəyirəm ki, 2020-ci ilin qəhrəmanlıq simvoluna çevrilən və gələcək nəsillər üçün bir örnək, nümunə yeri olan Azərbaycan gəncləri ölkəmiz üçün böyük sərvətdir”.
Newscenter.az xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. Millət vəkili qeyd edib ki, Vətənə, dövlətçiliyə bağlı intelektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşan bugünkü gənclər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın onlara göstərdiyi qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edərək dövlətimizin apardığı daxili və xarici siyasətin icrasında fəal iştirak edir, hansı sferada olmalarından asılı olmayaraq, dövlətə və dövlətçiliyə öz töhfələrini vermək üçün səylərini əsirgəmirlər:
"Bu isə Azərbaycanın gələcəyinin əmin əllərdə olması deməkdir!
“Əziz gənclər,
Sizinlə qürur duyur, Sizin hər birinizi Gənclər Günü münasibəti ilə bir daha səmimi qəlbdən təbrik edir, Sizə sağlam və uzun ömür, ailə səadəti, işlərinizdə bol-bol nailiyyətlər arzulayıram”.
Ruhiyyə