"Azərbaycan Qarabağda Rusiya sülhməramlı qüvvələrinin təminatı və rotasiyasının Ermənistan vasitəsilə deyil, Xankəndi-Agdam yolundan istifadə etməsini tələb etməlidir. Laçın yolunda NBM qurulduğu və Azərbaycan öz sərhədlərini tam bağladığından Rusiya sülhməramlı qüvvələrinin Ermənistanla əlaqələri kəsilməlidir.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, ruslar helikopterlərdən lojistikanı həyata keçirirlər:
"Azərbaycan konkret sual verməlidir, niyə Ermənistan ərazisindən lojistika olmalıdır. Rusiyanın əsas planı erməni separatizminə dəstəyi davam etdirməkdir".
Politoloq qeyd edib ki, Rusiya son Yevlax görüşünün keçirilməsinin qarşısını alıb:
"Demək olar ki, bütün təmaslar dayanıb. Azərbaycan yalnız güc tətbiq etməklə, prosesləri lehinə dəyişə bilər. Danışıqlar vaxt uzatmaqdan ibarətdir. Ermənistan bundan istifadə edib, Azərbaycan əleyhinə cəbhə formalaşdirir. 30 il bizə dərs olmadı ki, biz yenə də danışıqlarla nəyinsə həllinə nail olacağına inanırıq?!
Başa düşməliyik ki, ermənilər məğlubiyyətlə barışmır və sülh müqaviləsinin bağlanmasında maraqlı deyillər. Ola bilər ki, N. Paşinyan və onun kiçik komandası sülhdə maraqlı olsun. Amma, N. Paşinyanın komandası monolit deyil. Nəzərə alsaq ki, ordu da tam N. Paşinyanın tabeçiliyində deyil. Ona görə də Azərbaycan yalnız güc amilinə üstünlük verməlidir".
Anar Əliyev