Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hər şeyi qara rəngdə görməyə vərdiş etmiş qərəzli lider

Hər şeyi qara rəngdə görməyə vərdiş etmiş qərəzli lider


Uzun illər ərzində ölkənin bir nömrəli “ana müxalifət lideri” statusunu qazanmaq uğrunda ölüm-dirim savaşı aparmış Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli indi özünü ana müxalifət lideri kimi yox, xain müxalifət lideri kimi aparır. Çünki onun gündəmində, gündəliyində ümummilli məsələlərə yer yoxdur. Onu yalnız dar müxalifətçilik “pəncərə”sindən baxıb görmək istədiyi siyasi mövzular maraqlandırır.

Avropa İttifaqının (Aİ) ölkəmizdəki səfiri Peter Mixalko ilə görüşündə də AXCP sədri məhz radikal, inkarçı müxalifətin məhdud düşərgə maraqlarından çıxış edərək “Azərbaycandakı ictimai-siyasi vəziyyəti, Avropa İttifaqı-Azərbaycan münasibətlərinin perspektivlərini, Azərbaycanda real çoxpartiyalılığa yaranmış təhlükəni, siyasi məhbus problemini, ölkəmizdə sərbəst toplaşma azadlığının qadağan olunması kimi vacib məsələləri” müzakirə edib.

Göründüyü kimi bu adam Aİ-nin təmsilçisi ilə söhbət əsnasında məhz Fransanın təhriki ilə Aİ-nin Ermənistandakı Müşahidə Missiyasının Laçın yolunun siyasiləşdirilməsi oyunlarına cəlb olunması, Aİ-yə üzv olan bəzi ölkələrin Azərbaycan tərəfi ilə razılaşdırılmadan Azərbaycanın Qarabağ iqtisadi bölgəsindəki erməni icması üçün “humanitar yardım” adı altında qanunsuz yüklər göndərməsi, guya “blokada” şəraitində “aclıq” və “humanitar fəlakət”lə üzləşən separatçıların Azərbaycan Qırmızı Aypara Cəmiyyəti tərəfindən göndərilən ərzaq yardımlarının etnik ermənilərə çatdırılmasına mane olmaq üçün Ağdam-Xankəndi yolunu bağlayaraq real blokada şəraiti yaratması kimi məsələlərin heç birini qabartmayıb, müzakirə etməyə cəhd göstərməyib. Çünki Azərbaycan xalqı üçün, Azərbaycan dövləti üçün taleyüklü hesab edilən bu məsələlər “ana müxalifət lideri” üçün prioritet sayılmır.

Adətən bu kimi arxivacib məsələlər kütləvi müzakirə mövzusuna çevriləndə, cəmiyyəti narahat edən əsas məsələlər kimi günlərlə müzakirə olunanda Əli Kərimli isə bir qayda olaraq susmağa üstünlük verir. Belə məqamlarda susmaq AXCP liderinin necə deyərlər, sevimli taktikasıdır, “qızıl” qaydasıdır. Xatırlayırsınızsa, bu yaxınlarda BMT Təhlükəsizlik Şurasının (TŞ) Laçin yolu ilə bağlı ermənilərin tələbi ilə keçirdiyi təcili iclası Ermənistanın və separatçıların rüsvayçı iflası ilə nəticələnəndə və Azərbaycan diplomatiyası Nikol Paşinyanın xarici havadarlarının dəstəklədiyi növbəti anti-Azərbaycan kampaniyasını darmadağın edəndə də “ana müxalifətimizin müdrik lideri” Əli Kərimli öz ənənəsinə sadiq qalaraq yenə də susdu. Bəli, sevinmək əvəzinə, Azərbaycan diplomatiyasınının triumfunu alqışlamaq əvəzinə, ədalətin şər üzərində qələbəsini gur səslə vurğulamaq əvəzinə çox əcaib şəkildə susdu.

Çünki Əli Kərimli özünün idarə etmədiyi Azərbaycanın uğurlarına sevinə bilmir. Daha doğrusu, o, bu cür uğurlarımızı həzm edə bilmir. O, “müxalifət lideri” donuna bürünərək hazırkı iqtidarın istənilən uğuruna xüsusi qısqanclıqla yanaşır. Halbuki bu uğurlar dar “iqtidar-müxalifət” formatının çərçivələrindən kənara çıxan, bütün ölkəmiz üçün, gələcəyimiz üçün əhəmiyyət kəsb edən ümummilli nailiyyətlərimiz sayılır. Təəssüf ki, AXCP-nin hər şeyi qara rəngdə görməyə və neqativ məzmunda təqdim etməyə vərdiş etmiş qərəzli lideri hətta ümummilli məsələlərə də təftişçilik mövqeyindən yanaşır. Milli maraqları düşünməyən siyasi liderlər isə zamanla zəifləməyə və uduzmağa məhkumdur.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş