Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan üçtərəfli formatda əməkdaşlığa qoşulmalıdır

Ermənistan üçtərəfli formatda əməkdaşlığa qoşulmalıdır


"Prezident İlham Əliyevin Gürcüstana səfəri zamanı verdiyi əsas mesajlardan biri də bütün regionun inkişafı üçün yaranmış şansın dəyərləndirilməsi ilə bağlı idi. Tbilisidə verilən bəyanatdan aydın oldu ki, Ermənistanla Azərbaycan arasında sülhə nail olmaq Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq".

Newscenter-az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva Azərbaycan Prezidentinin Gürcüstana səfərini şərh edərkən səsləndirib. Millət vəkili vurğulayıb ki,
Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər:

"Azərbaycan və Gürcüstan bu əməkdaşlığın tədəfdarıdır. Amma Ermənistanın da konstruktiv mövqe sərgiləməsi, üçtərəfli formatda əməkdaşlığa qoşulması vacibdir. Bakı və Tbilisinin ərazi bütövlüyünə yanaşması eynidir. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Bu yanaşma regionda sülhün tam bərqərar olmasına dəstəkdir. Gürcüstanın baş naziri İrakli Qaribaşvili də bəyan etdi ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Prezident İlham Əliyevin Tbilisidə bəyan etdiyi kimi, bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatların Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesinə dəstək cəhdlərini rəsmi Bakı alqışlayır. Təbii ki, bu, birtərəfli və qərəzli olmamalıdır. Azərbaycan bu prosesdə Gürcüstanın da töhfə verəcəyinə ümid edir"

Deputat qeyd edib ki, Azərbaycanla Gürcüstan arasında 1996-cı il dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında imzalanan müqavilə ikitərəfli münasibətlərdə strateji tərəfdaşlığın təməlini qoyub:

"Cənubi Qafqaz regionunun iki ölkəsi birlikdə və digər qonşu ölkələrlə uğurlu layihələr icra etməkdədir. Ölkələrimizin tarixi İpək Yolu üzərində yerləşməsi, birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icrası regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir. Təbii ki, bu uğurlar güclü siyasi iradə və güclü infrastruktur hedabına reallaşır. Dövlət başçımızın da söylədiyi kimi, ən əsas amil Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır. Məlumdur ki, Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Təcrübə göstərir ki, Cənubi Qafqaz regionunun inkişafı ölkələr arasında ikitərəfli münasibətlərin dinamikasından birbaşa asılıdır. Bölgə dövlətləri yaranmış fürsətləri əldən verməməlidir".

Ruhiyyə
Xəbəri paylaş