Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zaman Ermənistanın əleyhinə işləyir

Zaman Ermənistanın əleyhinə işləyir


"Prezident İlham Əliyevin Gürcüstana reallaşdırdığı sayca 11-ci səfəri zamanı bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə müzakirələrində və mətbuata birgə bəyanatlarında toxunulan ən mühüm məsələlərdən biri də Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesi və Gürcüstanın bu prosesdə mümkün vasitəçilik rolunun gündəmə gətirilməsi oldu. Azərbaycanın İkinci Qarabağ müharibəsinin nəticəsində öz ərazi bütövlüyünü, keçən ay isə bütün ölkə üzrə suverenliyini bərpa etməsindən sonra Fransa kimi neoimperialist ölkələrin Cənubi Qafqazda növbəti gərginliklərə, münaqişələrə cəhd göstərməsi fonunda Gürcüstanın qərəzsiz mövqeyə malik vasitəçilik təşəbbüsü ilə çıxış etməsi ciddi maraq doğurur. Bəli, Cənubi Qafqazın hər üç ölkəsi regional məsələləri heç bir kənar müdaxilə olmadan məhz özləri həll etməlidir. Bu bölgədə sülhün davamlı olması və ölkələrimizin firavanlığının təmin edilməsi üçün bölgə ölkələrinin bir araya gəlməsi ən yaxşı format ola bilər".

Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. O bildirib ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi əgər biz buna nail olsaq, o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq:

"Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər. Nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu, bütün bunlar, mümkündür. Ancaq çox təəssüf ki, hazırda Cənubi Qafqazda sülh yaradılması prosesi bir neçə amilə görə yubanır. Birincisi, bu prosesdə Rusiya ilə Qərb arasında, Avropa İttifaqı (Aİ) ilə ABŞ arasında gedən rəqabət Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsinə ciddi şəkildə mane olur. Bu qlobal geosiyasi aktorların hər biri sözügedən sülh prosesinə təkbaşına patronajlıq etmək istəyir və öz maraqlarını təmin etməyə çalışır".

Komitə sədrinin sözlərinə görə, Azərbaycan heç şübhəsiz ki, bütün tərəflərin vasitəçilik təşəbbüslərinə müsbət yanaşır. Lakin bununla yanaşı dövlətimizin başçısı tamamilə haqlı olaraq Gürcüstanın bu məsələdə daha səmərəli vasitəçi ola biləcəyini düşünür. Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsində və bölgədə qalıcı sülhün bərqərar olunmasında Gürcüstan həqiqətən də müsbət rol oynaya bilər. Rəsmi Tiflis əsl sülhyaradıcı arbitr rolunu öz üzərinə götürüb bölgədə qısa bir zamanda sülhün və təhlükəsizliyin təmin olunmasına real töhfə verə bilər:

"Lakin bölgədə sülhün bərqərar olması üçün Ermənistan da eyni dərəcədə maraqlı olmalıdır. Əfsuslar olsun ki, Ermənistanın baş nazir Nikol Paşinyanın bu məsələdə mövqeyi sabit deyil. Bir tərəfdən Paşinyanın siyasi iradəsizliyi, digər tərəfdən isə hazırda Ermənistanda hökm sürən siyasi gərginlik rəsmi İrəvanın real sülhə “hə” deməsinə, iiki ölkə arasında sülh müqaviləsinin bağlanmasına ciddi maneələr yaradır. Ermənistan hakimiyyəti və müxalifəti Cənubi Qafqazda yaranmış yeni reallıqları düzgün dəyərləndirə bilmir. Bu mənada, zaman Ermənistanın əleyhinə işləyir. Azərbaycan Prezidentinin vurğuladığı kimi normallaşmaya doğru addımlar atmaq üçün indi məqam gəlib çatıb və bu şansı əldən vermək həqiqətən də böyük səhv olar".

Anar Əliyev
Xəbəri paylaş