Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Xidmətinin nümayəndələri Beynəlxalq Rəqabət Şəbəkəsinin (ICN) illik konfransında iştirak edib

Dövlət Xidmətinin nümayəndələri Beynəlxalq Rəqabət Şəbəkəsinin (ICN) illik konfransında iştirak edib


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəylinin rəhbərliyi ilə nümayəndə heyəti İspaniyanın Barselona şəhərinə işgüzar səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti Beynəlxalq Rəqabət Şəbəkəsinin (ICN) 22-ci illik konfransında iştirak edib.

Konfransın məqsədi üzv dövlətlərin rəqabət qurumları və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi, ölkə iqtisadiyyatlarının rəqabət qabiliyyətinin təşviqidir.

Newscenter.az xəbər verir ki, konfransda ICN rəhbəri Andreas Mundt, Amerika Birləşmiş Ştatlarının Federal Ticarət Komissiyasının sədri Lina Xan və İspaniya Milli Rəqabət Komissiyasının prezidenti Cani Fernandezin çıxışları dinlənilib, Avropa Ədalət Məhkəməsi, Meksika, o cümlədən İngiltərə və Uels Ali Məhkəmə hakimlərinin, Cənubi Afrika Respublikasının Rəqabət Komissiyasının iştirakı ilə “Antiinhisar qanunvericiliyində məhkəmələrin rolu və qarşılıqlı əlaqələrin inkişaf yolları” mövzusunda müzakirələr aparılıb.

Daha sonra konfrans “Qeyri-üfüqi birləşmələr”, “İnhisar fəaliyyətinə dair işə baxılmalar zamanı tətbiq olunan vasitələr və maneələr”, “Rəqəmsal bazarlar və tənzimləmə təşəbbüsləri”, “Rəqəmsallaşma: İnhisar halları ilə bağlı məlumatların toplanması və emalında vasitə və texnologiyalar”a dair sessiyaları ilə davam etdirilib.

Konfrans çərçivəsində Fransanın Rəqabət Qurumunun (ADLC) prezidenti Benua Kure, Argentinanın Milli Rəqabətin Qorunması Komissiyasının (CNDC) direktoru Ana Culia Parente və İsveç Rəqabət Qurumunun (KKV) direktoru Rikard Cermsten təmsil etdikləri ölkələrdə sahə üzrə həyata keçirilən layihələrin əhəmiyyəti barədə çıxış ediblər.
Tədbir ABŞ Federal Ticarət Komissiyası və Ədalət Departamentinin təqdimatı əsasında “Birləşmə təlimatları layihəsinin müzakirəsi”, “İnhisar fəaliyyəti”, “Rəqabətin təşviqində prioritetlər” üzrə plenar iclaslarla davam etdirilib. Azərbaycanlı nümayəndə heyətinin iştirakı ilə beynəlxalq əməkdaşlıq zamanı yeni rəqabət qurumlarının qarşılaşdığı çətinliklər, hökmran mövqenin qiymətləndirilməsi çətinlikləri, birləşmələrdə bazar gücü və potensial rəqabət, əmək bazarında kartellər, innovativ təyinetmə vasitələri və onların səmərəli istifadəsi kimi əhəmiyyətli mövzuları əhatə edən sessiyalarda müzakirələr aparılıb.

Konfransın son günündə Misir Rəqabət Qurumunun (ECA) sədri Mahmud Mümtaz, Tayvan Ədalətli Ticarət Komissiyasının Komissarı Ya-Lun Yen, Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) nümayəndəsi Teresa Moreiranın məruzələri dinlənilib. Tədbirdə “ICN-nin üçüncü onilliyində kartellərə nəzarətin dəyişdirilməsi, mövcud trendlər və gələcək gözləntilər”, “ICN metodlarının tətbiqi” plenar iclaslarında rəqəmsal dövrdə kartel əleyhinə fəaliyyətlər, kənd təsərrüfatı və ərzaq bazarlarında rəqabətə dair çətinliklər, yeni texnologiyalar və onların rəqabət araşdırmalarında tətbiqi, rəqəmsal bazarlarda antiinhisar və tənzimləmə arasında qarşılıqlı əlaqə mövzularında sessiyalar təşkil olunub.

Ümumilikdə üç günlük konfrans müddətində Dövlət Xidmətinin nümayəndə heyəti sahə üzrə bir sıra beynəlxalq təşkilatlarla səmərəli görüşlər keçirib, bənzər iqtisadi gücə sahib bazar subyektlərinin fəaliyyəti, təmərküzləşmə əqdləri, bazar araşdırması və əlaqəli sazişlərə dair meyarlar, hökmran mövqeyin müəyyən edilməsi şərtləri, rəqabət hüququnda yüngülləşdirici hallar və yeni yanaşmalara dair müzakirələr aparıb.

Konfransın yekununda İspaniya Krallığının Birinci İcraçı Vitse-Prezidenti və İqtisadiyyat və Rəqəmsal İnkişaf naziri xanım Nadia Kalvino Santamarianın iştirakı ilə işgüzar nahar təşkil edilib.

Sona
Xəbəri paylaş