“Həmas” terror təşkilatı tərəfindən İsrailə qarşı başladılmış qanlı terror hadisələrindən sonra Yaxın Şərqdə baş verən gərginliklər daha da artmaqdadır. Bu gün bu bölgədə yaşananlar və Fələstindəki terrorçu qruplaşmaların İsrailin mülki insanlarına raket zərbələri endirməsi bizə ermənilərin 2020-ci Vətən müharibəsi dövründə dinc insanların yaşadığı Tərtərə, Bərdəyə, Gəncəyə atdığı dağıdıcı raket zərbələrini xatırladır.
Həmin dövrdə Ermənistanın bir neçə havadarından başqa, bütün dünya ölkələri bu qətliamları qətiyyətlə pislədi, o cümlədən İsrail dövləti Ermənistanın bu terroruna sərt mövqeyini bildirdi, Azərbaycana öz mənəvi köməyini göstərdi. Ona görə də, eyni acı günləri yaşayan İsrail dövlətini və xalqını dəstəkləmək Azərbaycanın həm insanlıq borcu, həm də 35 il ərzində bizə siyasi-hərbi köməklik edən Təl-Əvivə olan strateji müttəfiqliyimizin, çoxəsrlik dostluğa sadiqliyimizin nümunəsi kimi qiymətləndirilməlidir.
Əlbəttə, Azərbaycan ilk gündən yüzlərlə günahsız insanın ölümünə səbəb olan bu qanlı hücumları qətiyyətlə pisləyir, hər iki tərəfdə insan ölümlərinə üzülür, münaqişənin tez bir zamanda bitməsini istəyir. Bu çətin və dözülməz vəziyyətdə öz insani borcunu yerinə yetirir, Cənab Prezident İlham Əliyevin tapşırığı ilə Fələstinli qaçqınlara dəstək məqsədilə 1,6 milyon dollar ayırıb. Eyni zamanda, İsrailə humanitar dəstəyini göstərir.
“Həmas” dünya birliyi tərəfindən tanınmış terror təşkilatıdır və Fələstinin dövlətçilik tarixinə ləkədir. İsraili və dünya dövlətləri Fələstin muxtariyyətini tanıyır, bölgədə birgə dayanıqlı sülhə çalışır, Qəzza zolağına silahı yerə qoymağa, bütün girovları azad etməyə çağırır. Ancaq “Həmas” tamamilə başqa yolu tutaraq , Fələstin dövlətinin yaradılması yönündə atılan addımlara mane olur, Fələstin xalqının adından sui-istifadə edərək arxasında dayanan güclərin çirkin siyasi oyunlarına alət olmaqla terrorizm yolunu davam etdirir.
Terror dövlət qurmağa yox, dövlətlərin gücünü sarsıtmağa, xalqların qanlı fəlakətlərə xidmət edir. Terrorun və soyqırımın nə olduğunu Azərbaycan çox yaxşı bilir, çünki 35 ilə yaxın bir tarixi dövrdə Ermənistanın dövlət terroruna, Xankəndində 30 il qondram hökumət qurmuş cinayətkar rejimin qanlı cinayətlərinə məruz qalmışdıq.
İsrail də uzun illərdir ki, bu terrorun acısını çəkir, günahsız insanlar terror şəbəkələrinin mütamadi olaraq zərbələrindən həyatlarını itirir, şikəst olurlar. İsrailin bir dövlət kimi özünün təhlükəsizliyini, vətəndaşlarının həyatını qorumaq, bütün suveren dövlətlər kimi sülh və təhlükəsizlik şəraitində yaşamaq hüququ vardır. Bu ölkəyə qarşı terror hücumlarına heç vaxt bəraət qazandırmaq mümkün deyil.
Bu gün baş verənlər həm də terrorçuları dəstəkləyənlərin də mahiyyətini tam çılpaqlıöğı ilə ortaya çıxardı. Təsadüfi deyil ki, Livanda, Suriyada və Fələstinin özündə bu terror hücumlarını təşkil edənlər Ermənistanda dövlət səviyyəsində dəstəklənir, İsraildə insan ölümləri, dağıntılar altında qalan insanların acı həyata mənzərəsi qınanmaq əvəzinə, haqq qazandırılır. Bu, bir daha Ermənistanın terrorçu mahiyyətini əks etdirir və hətta o da istisna deyil ki, “Həmas”, Hisbullah” və digər terrorçu təşkilatlarla birgə bu hücumlarda “Asala” da iştirak edir.
Terroru lənətləyən Azərbaycan və İsraili eyni oxşar birləşdirir, biz buna görə də, sarsılmaz tarixi dostluğun ruhuna uyğun olaraq eyni dəstəyi göstərməkdə tam haqlıyıq.
Azərbaycan-İsrail münasibətləri strateji xarakter daşıyır. Bu çoxəsrlik dostluq münasibətlərinin Fələstin, Yaxın Şərq və digər region ölkələrinə zərər verəcək heç bir təzahürləri yoxdur. Təl-Əviv-Bakı strateji müttəfiqliyi heç bir ölkəyə qarşı yönəlməyib, əksinə bütün bölgə dövlətləri və xalqlarının birliyinə, dostluğuna, regionda sülh və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir.
Sonda bir daha bu müharibənin daha tez bir zamanda bitməsini istəyir, bölgədə dayanıqlı sülh və dinc dostluq yaşayışı mühüitinin təmin edilməsini arzulayıqam.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki