Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yunanıstanın Aleksandropolis şəhərində gənclər və yeniyetmələr arasında keiçilən MMA döyüş növü üzrə dünya çempionatında qızıl medal qazanmış Fərid Əsədzadə və onun məşqçisi Mehman Hüseynovla görüşüb.
Fəridin ailəsi Ağdam şəhərindən məcburi köçkün kimi Bakının Qaradağ rayonundakı Müşfiqabad qəsəbəsində müvəqqəti məskunlaşıb. O, qəsəbədəki Ağdam 33 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdidir. Uşaq yaşlarından idmana həvəs göstərdiyi üçün valideynləri Fəridi məcburi köçkünlər üçün salınmış “Qobu Park-1” yaşayış kompleksində fəaliyyət göstərən, Azərbaycanın Milli Qəhrəmanı Şikar Aslanov adına idman klubuna yazdırıblar. Burada o, MMA, qrapplinq və pankration döyüş növlərinin sirlərinə yiyələnir.
Newscenter.az-ın xəbərinə görə, görüşdə qeyd edilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsinə, onlara vətənpərvərlik ruhu aşılanmasına xüsusi diqqət və qayğı göstərir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da təhsil, sağlamlıq və fərdi inkişaf məsələlərində məcburi köçkün ailələrin övladlarına təsirli dəstəyi vardır. Məhz onun tapşırıqlarına uyğun olaraq, Dövlət Komitəsi tərəfindən “Qobu Park” yaşayış komplekslərində müxtəlif idman növləri üzrə bölmələrin fəaliyyət göstərməsinə şərait yaradılıb.
Yeniyetmə idmançı, onun məşqçsi və atası dövlətimizin qayğısından məmnunluqlarını ifadə etməklə yanaşı, məcburi köçkünlərin doğma yurda qayıdışına şərait yaratdığına görə də ölkə rəhbərliyinə minnətdarlıq bildiriblər.
Dövlət Komitəsinin sədri dünya çempionunu və onun məşqçisini qazanılan nailiyyət münasibətilə təbrik edib, onlara yeni-yeni uğurlar arzulayıb.
Görüşdə 44 günlük Vətən müharibəsinin veteranı, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu Səbuhi Abdullayev də iştirak edib, ağdamlı yeniyetməyə öz tövsiyələrini verib.
R.Mehdiyeva