Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müxalifətçilik total inkarçılıq demək deyil

Müxalifətçilik total inkarçılıq demək deyil


44 günlük Vətən müharibəsindən sonra ölkəmizin ərazi bütövlüyü, 23 saat davam edən lokal antiterror əməliyyatının nəticəsində isə suverenliyimiz təmin edildi və beləliklə də Xankəndi, Xocalı, Ağdərə, Xocavənd kimi yaşayış məntəqələrimiz tam nəzarətimizə keçdi, Qarabağ münaqişəsi tarixin arxivinə göndərildi. Bəli, Qarabağ məsələsinin həlli 30 il idi ki, ölkəmizin bir nömrəli vəzifəsi idi. Ordumuzun rəşadəti və Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin hərbi-siyasi müdrikliyi sayəsində bu ən ağrılı probemimiz bizim Qələbəmizlə çözüldü. Bunun nəticəsində həm ölkəmizdə, həm də bütövlükdə Cənubi Qafqaz bölgəsində yeni reallıqlar yaranıb və biz yeni çağırışlarla üz-üzəyik.

Lakin bu yeni çağırışlar bəzilərinin düşündüyü kimi Qarabağ məsələsinin həllindən sonra müxalifətçiliyə ehtiyac qalmadığı anlamına gəlmir. Ümumiyyətlə, “Qarabağ məsələsinin həllindən sonra müxalifətçiliyə ehtiyac qalmayıb” fikri konkret bir deputatın, müxalif partiya sədrinin öz şəxsi fikridir, subyektiv mövqeyidir. İndi AXCP sədri Əli Kərimli Vəhdət partiyasının sədri Tahir Kərimlini müxalifətçi və ya qeyri-müxalifətçi hesab edirmi-etmirmi, bu Əli Kərimlinin öz problemidir. Lakin danılmaz olan fakt budur ki, Tahir Kərimli də eynən Əli Kərimli kimi vaxtilə AXC-nin “şinel”indən çıxıb və bu gün də Milli Məclisdə məhz müxalif qanadı təmsil edir. Ona görə də AXCP sədrinin T.Kərimlinin səsləndirdiyi məlum fikri əlində “bayraq” kimi tutaraq nəlbəkidə fırtına qoparması və mövcud iqtidarın üzərinə gəlməsi absurddur.

Əli Kərimli həmişə olduğu kimi yenə də ünvanı səhv salır. “Müxalifətçiliyə ehtiyac yoxdur” ifadəsini səsləndirən keçmiş əqidədaşını qırağa qoyub, hakimiyyəti hədəf seçir. Onun qərəzli məntiqinə görə, guya, hakimiyyət ölkədə müxalifətin olmasını istəmir. Bir sözlə, AXCP sədri istənilən fikri öz bildiyi kimi, şəxsi maraqlarına uyğun formada interpretasiya edir və açıq-aşkar yalan danışır. Prezidentin müxalifətlə və müxalif partiyalarla bağlı mövqeyi zatən ortadadır. Dövlət başçısının Yeni Azərbaycan Partiyasının VII qurultayında çıxışı zamanı səsləndirdiyi “Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik” fikri məhz müxalifətin mövcudluğunun zəruriliyini vurğulayan bir yanaşma idi. Bunu görməzdən gəlmək obyektivlikdən uzaq bir mövqedir. Siyasi dialoqdan qaçan AXCP sədrinin qeyri-obyektivliyi isə təbii ki, ənənəvi müxalifətçiliyin təcəssümü, inkarçı müxalifətçiliyin təzahürüdür.

Əli Kərimlinin yaddaşını təzələmək üçün xatırlatmaq istərdim ki, Prezident İlham Əliyev hələ 2013-cü ildə baş redaktorlarla görüşü zamanı müxalifətin ünvanına isti mesajlar verərək ölkənin siyasi sistemində müxalifətin mövcudluğunun əhəmiyyətini vurğulamış və faktiki olaraq hakimiyyətlə müxalifət arasında dialoq üçün “yaşıl işıq” yandırmışdı: “Bir daha demək istəyirəm ki, siyasi baxışlar müxtəlifdir. Bu, təbiidir. Siyasi mübarizə aparılır, aparılmalıdır. Əlbəttə, mən istərdim ki, bu mübarizə daha çox sivil qaydada aparılsın. Son prezident seçkiləri və ondan sonrakı dövr onu göstərir ki, Azərbaycanda siyasi mədəniyyət artır. Media nümayəndələri, iqtidar-müxalifət nümayəndələri də öz aralarında məsələlərini həll etməlidirlər. Biz hamımız Azərbaycan vətəndaşlarıyıq. Hamımızın bir Vətəni vardır - Azərbaycan. Hamımız vətənpərvərik, Vətənimizi sevirik. Ola bilər ki, ölkəmizin inkişafı ilə bağlı müxtəlif fikirlərimiz olsun. Kimsə kimisə istəməyə bilər. Bu da təbiidir. Ancaq biz əsas amallar ətrafında daim bir yerdə olmalıyıq".

Cənab Prezidentin tam səmimiyyətlə səsləndirdiyi bu fikirlər bir daha onu göstərir ki, ölkə rəhbərliyi Azərbaycanın inkişafı üçün, çatışmamazlıqların aradan qaldırılması üçün sağlam müxalifətin varlığını qəbul edir və müxalif mövqe ilə hesablaşır. Bəli, müxalifət bir güzgüdür, müxalifət olmasa ölkənin inkişafı normal məcrasında getməz. Ancaq bir şərtlə ki, sağlam əqidəli müxalifət olmalıdır, dar firqəçilik maraqlarından yüksəkdə durmağı bacaran həqiqi vətənpərvər müxalifət olmalıdır. Ona görə də Əli Kərimliyə təklif edərdik ki, Yutub kanallarına biraz isterik, biraz da pafoslu müsahibələr verməkdənsə, Prezidentin 10 il bundan öncə media mənsubları ilə görüşündə səsləndirdiyi, az öncə yuxarıda təqdim etdiyim fikirlərinə tez-tez nəzər salsın və düzgün nəticələrə gəlsin.
Müxalifətçilik total inkarçılıq demək deyil. Əsl müxalifətçilik odur ki, sən ölkə həyatı ilə bağlı məsələlərdə öz məsuliyyətini dərk edir və sağlam tənqid mövqeyindən çıxış edərək mövcud problemlərin həll edilməsinə yardımçı olursan. Bu, müxalifətçiliyin əlifbasıdır. Lakin təəssüf ki, Əli Kərimlinin “əlifba”sında isə hər şeyi qara rəngdə göstərməkdən başqa heçnə yazılmayıb.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri, siyasi şərhçi
Xəbəri paylaş