Bu gün müstəqil Azərbaycanımızın ilk konstitusiyasının qəbul edilməsindən 28 il ötür. Ölkəmiz 12 noyabr - Konstitusiya Gününü qeyd edir. Bu günün əsas bayramlarımızdan biri kimi qeyd edilməsi bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bəli, məhz onun təşəbbüsü və rəhbərliyi ilə hazırlanan ilk konstitusiya sənədimiz 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib və 1995-ci il noyabrın 27-də qüvvəyə minib.
Konstitusiya Dövlətin Əsas Qanunu, Ana Yasası sayılır. Hər bir dövlətin Əsas Qanunu onun simasını təşkil edir. Başqa sözlə desək, istənilən bir ölkəni daha yaxından və daha yaxşı tanımaq üçün ilk növbədə həmin ölkənin Konstitusiyası ilə tanışlıqdan başlamaq lazımdır. Çünki konstitusiya sadəcə qanunlar məcmusu və ya universal hüquqi sənəd deyil. Konsitusiyalarda hər bir ölkənin və xalqın mentalitetini, siyasi inkişaf səviyyəsini, hüquqi mədəniyyətini, idarəçilik ənənələrini, yaşam tərzini, insan haqlarına münasibətini, dövlət rəmzlərinə sevgisini, dünəni, bu günü və gələcəyi arasındakı əlaqəni görmək mümkündür. Bu mənada, konstitusiya hər bir dövlətin əsas hüquqi, siyasi və tarixi sənədi olmaqla yanaşı, həm də hər bir xalqın şəxsiyyət vəsiqəsidir.
Çox təəssüf ki, biz müstəqilliyimizin ilk illərində Ana Yasamızı qəbul etməkdə bir qədər gecikdik. Belə ki, Azərbaycan Respublikası 1991-ci ilin oktyabrında müstəqillik qazansa da, lakin müstəqil dövlətçiliyin ilk atributu olan konstitusiyanın hazırlanması və qəbulu istiqamətində heç bir iş görülmədi. Nə Ayaz Mütəllibovun, nədəki AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə Əsas Qanunumuzun qəbul edilməsi prioritet hesab olunmadı. Məhz Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışından sonra bu taleyüklü məsələyə xüsusi diqqət ayrıldı, konstitusiya layihəsi hazırlandı və ictimai müzakirəyə çıxarıldı. Geniş ictimai müzakirələrdən sonra sözügedən layihə 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edildi. Beləliklə, mürəkkəb ictimai-siyasi keçid dövrünü yaşayan gənc müstəqil dövlətimizin ilk baş qanununun – Konstitusiyasının qəbul edilməsi ilə Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlətçiliyin təməlləri möhkəmləndirildi və xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə uyğun siyasi sistemin formalaşdırılmasına başlanıldı.
Ulu Öndər Heydər Əliyev təcrübəli dövlət adamı idi. O, sovetlər sisteminin dağılmasından sonra gənc müstəqil respublikanın idarəçiliyində qarşıya çıxan boşluqların aradan qaldırılması üçün konstitusiyanın qəbul edilməsinin vacibliyini böyük uzaqgörənliklə başa düşürdü. Qanunların aliliyini təmin edən və hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan, milli həmrəyliyə xidmət edən ilk konstitusiyamızın qəbul edilməsi məhz bu zərurətdən ortaya çıxdı. 1995-ci ildə Əsas Qanunumuzun qəbul edilməsi ilə respublikamızı müasir inkişaf yoluna çıxarmaq üçün, eləcə də siyasi və iqtisadi islahatların aparılması üçün əlverişli zəmin və hüquqi baza yaratdı.
Ümummilli lider Heydər Əliyev ilk konstitusiyamızın qəbul edilməsi üçün həqiqətən də böyük əmək sərf etmişdi. Biz bu gün həmin dövrün reallıqlarına 28 illik zaman məsafəsindən baxanda hiss edirik ki, 90-cı illərin əvvəllərində dramatik ictimai-siyasi burulğanlar və iqtisadi tənəzzül şəraitində belə bir mühüm dövlətçilik aktının işlənilib hazırlanması, qəbul edilməsi heç də asan olmayıb. Ulu Öndərin siyasi iradəsi və titanik səyləri nəticəsində müstəqil dövlət quruculuğu prosesini tənzimləyən və demokratik inkişafa təminat yaradan ilk milli konstitusiyamız qəbul edilib. Bu mənada, Heydər Əliyev müstəqil Azərbaycanın ilk Ana Yasasının müəllifidir.
Ulu Öndər ölkəmizin Əsas Qanununda ilk növbədə aşağıdakı məqamların ehtiva olunmasını zəruri hesab edirdi: “Bizim yeni konstitusiyamız, şübhəsiz ki, birinci növbədə, Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir”. Belə də oldu. İşçi komissiyanın üzərində diqqətlə işlədiyi konstitusiya layihəsində Ulu Öndərin qeyd etdiyi məqamlar əsas prioritet istiqamətlər kimi öz əksini tapdı. Belə bir konstitusiyanın qəbulu heç şübhəsiz ki, ölkəmizin sivil və demokratik inkişafına mühüm töhfə verdi. Odur ki, 28 il öncə ilk konstitusiyamızın qəbul edilməsini Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında ən böyük xidmətlərindən biri kimi dəyərləndirməliyik.
Ana Yasamızın 28-ci ildönümü həm də ona görə əlamətdardır ki, bu mühüm tarixi hadisə 44 günlük Vətən müharibəsindəki parlaq Zəfərimizdən sonra, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-ci ilin 19-20 sentyabrında keçirilən lokal antiterror əməliyyatı nəticəsində ölkəmizdə separatçılığın ləğv olunması ilə üst-üstə düşür. Məhz bu hadisədən sonra Xankəndi, Xocalı, Əsgəran və Xocavənddə də suverenliyimiz tam bərpa olundu və beləliklə, Azərbaycanın bütün ərazisində konstitusiya qayda-qanunlarının işləkliyi təmin edildi. Prezident İlham Əliyevin 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndidə keçirilən hərbi paradda çıxışı zamanı söylədiyi kimi bundan sonra Azərbaycanda separatçılığa yol verilməyəcək. Biz bundan sonra bütöv və güclü Azərbaycan kimi inkişaf edəcəyik.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri