Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşəbbüsü ilə valideynlər üçün keçirilən “Payız məktəbi” başa çatıb.
Newscenter.az xəbər verir ki, payız tətilinin sonuncu günü Bakı şəhəri 283 nömrəli tam orta məktəbdə övladları inklüziv siniflərdə təhsil alan valideynlərin iştirakı ilə BŞTİ-nin əməkdaşı Elşad Səfixanov və 83 nömrəli məktəb-liseyin müəllimi Kəmalə İslam tərəfindən “İnklüzivlik” mövzusunda görüş keçirilib.
Görüşdə ailə-uşaq münasibətlərinin tənzimlənməsi, özünə inamın formalaşması, pozitiv düşünmə sənəti, davranışın düşüncələrlə dəyişdirilməsi, uğurlu övlad yetişdirmənin yolları, sağlamlıq imkanları məhdud uşaqlara xüsusi yanaşma, cəmiyyətdə özünü ifadə üsulları və digər mövzular ətrafında müzakirələr aparılıb.
Bundan əlavə, “Payız məktəbi” çərçivəsində paytaxtdakı 320 nömrəli tam orta məktəbdə BŞTİ-nin nəzdində Təlimə Dəstək Mərkəzinin psixoloqları Səidə Əhmədova, Heyran Səfərova və Aysel Novruzova tərəfindən "Övladımın uğurlu gələcəyi naminə", "Yeni təhsil pilləsində birlikdə öyrənək” və "Yeniyetmə şəxsiyyətinin formalaşması" mövzuları üzrə təlimlər keçirilib.
Təlimlərdə böhran yaşı dövründə valideyn-övlad münasibətlərində yaranan çətinliklər və onların aradan qaldırılması yolları, məktəb-valideyn əməkdaşlığının düzgün qurulması, şagird şəxsiyyətinin formalaşmasında ailənin və məktəbin rolu barədə tövsiyələr verilib, müvafiq mövzular üzrə suallar təlimçilər tərəfindən cavablandırılıb.
“Payız məktəbi” şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla başa çatıb.
Qeyd edək ki, “Payız məktəbi” paytaxtdakı 96, 127, 283, 320 və 321 nömrəli tam orta məktəblərdə təşkil olunub.
Payız tətili günlərində keçirilən “Payız məktəbi”nin əsas məqsədi uşaqlarla yaş dövrünə uyğun davranışla bağlı valideynləri maarifləndirmək, şagirdlərin asudə vaxtının səmərəli təşkili istiqamətində müvafiq tövsiyələr vermək, şagirdlərin təhsil nailiyyətlərinin artırılması baxımından məktəb-valideyn əməkdaşlığını müzakirə etmək, qarşıya qoyulan hədəflərlə bağlı valideynləri məlumatlandırmaq, həmçinin məktəb-valideyn münasibətlərini təkmilləşdirmək, effektiv məktəb mühitini formalaşdırmaq, müəllimin və məktəbin nüfuzunun artırılmasına nail olmaqdan ibarətdir.
R.Mehdiyeva