Rəsmi Bakının Qarabağda həyata keçirdiyi son antiterror tədbirlərindən sonra Azərbaycana qarşı ritorikanı sərtləşdirən və hətta bəzi sanksiyalara əl atan ABŞ-ın, Qərbin demarşına Azərbaycan hökumətinin anti-Amerika demarşı ilə cəsarətli və adekvat cavab verməsi sözsüz ki, öz müsbət nəticəsini verməliydi. ABŞ dövlət katibi Entoni Blinkenin noyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng vurması, onun Vaqintonun Bakı ilə münasibətləri normallaşdırmaq istədiyini söyləməsi və eyni zamanda köməkçisi Ceyms O`Braynın dekabrda Azərbaycana səfərinə icazə verilməsini xahiş etməsi faktı bu fikri təsdiqləyir.
Blinkenin Azərbaycan Prezidentinə zəng vurması və iki ölkə arasındakı mövcud gərginliyi çözmək üçün səy göstərməsi hansı zərurətdən doğdu? Görünən budur ki, ABŞ Senatının Azərbaycana hərbi yardımı qadağan edən qətnamə qəbul etməsinin və Ceyms O`Braynın noyabrın 15-də Nümayəndələr Palatasının alt komitəsinin dinləmələrində Azərbaycan əleyhinə səsləndirdiyi əsassız ittihamların, yersiz fikirlərin ABŞ-Azərbaycan münasibətlərə ciddi zərbə vurduğunu, Vaşinqtonun ifrat ermənipərəstliyə yol verməklə “qırmızı xətt”i keçdiyini Ağ Evdə və Dövlət Departamentində dərk etməyə başlayıblar. Və Bayden administrasiyasındakı bəzi “qırğı”lardan fərqli olaraq dövlət ağlı, siyasi təcrübəsi, diplomatik təmkini ilə seçilən ABŞ dövlət katibi yaranmış “dalan” vəziyyətindən çıxış yolunu məhz Prezident İlham Əliyevə zəng etməkdə görüb, münasibətləri yalnız onun normallaşdıra biləcəyini başa düşüb.
Blinkenin bu addımı vaxtında və düzgün atılmış addımdır. ABŞ-ın xarici siyasətini həyata keçirən əsas siyasi fiqurun Azərbaycan liderinə zəng etməsi vacib idi. Çünki Blinken təcrübəli diplomat fəhmi ilə dərk edir ki, ABŞ-ın Cənubi Qafqazı qarışdırmasının və bu zaman açıq-aşkar Ermənistanın tərəfini tutmasının ən böyük zərbəsi ilk növbədə Birləşmiş Ştatların özünə dəyəcək. Vaşinqtonun ölkəmizə qarşı sərt ritorikası və demarşının əks-effekt verdiyini Dövlət Departamentində dərhal hiss etdilər. Bəli, Ağ Evdə rəsmi Bakıdan “güzgü effekti” ilə belə sərt cavab, adekvat reaksiya gözləmirdilər.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev də Blinken ilə telefon danışığı zamanı bildirib ki, Azərbaycan tərəfi ABŞ-ın Azərbaycana münasibətdə yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və “ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi” ola bilməz” bəyanatını nəzərə alıb və bunu adekvat cavablandırıb. Belə də olmalıydı. Çünki Prezident İlham Əliyevin SPECA-nın Zirvə görüşündə səsləndirdiyi kimi Azərbaycan Ermənistandan fərqli olaraq müstəqil dövlətdir. Bizim ölkəmizlə heç kim ultimatumla, hegemonluq ritorikası ilə danışa bilməz.
Blinken də ABŞ xarici siyasətinin ənənəvi, xarakterik təzahürü olan ultimatum və hədə ritorikasının Azərbaycana münasibətdə işə yaramadığını və anti-Azərbaycan ritorikasının məhz ABŞ-ın özünə ziyan vuracağını başa düşərək dərhal hərəkətə keçdi. Ermənipərəst senator və konqressmenlərdən fərqli olaraq dövlət katibi “realpolitik” mövqeyindən çıxış edir və Birləşmiş Ştatların Azərbaycan kimi etibarlı müttəfiqlə münasibətlərini erməni lobbisinin maraqlarına qurban verməyin, iqtisadi-siyasi əlaqələri kəsməyin gələcəkdə hansı fəsadlar verəcəyini öncədən hesablaya bilir.
Ona görə də, məhz Blinkenin ABŞ Prezidentinə düzgün tövsiyyələrinin nəticəsi olaraq Ağ Ev Azərbaycana qarşı ultimatum və sanksiyalar siyasətindən, çılğın ritorikadan geri addım atdı, öz səhvini düzəltmək yolunu tutdu. Beləliklə, ABŞ dövlət katibinin Azərbaycan Prezidenti ilə apardığı səmimi müzakirələrdən sonra ABŞ-Azərbaycan münasibətləri normal məcraya dönəcək, gərginlik səngiyəcək, ritorika dəyişəcək, diplomatik təmaslar aktivləşəcək və əlaqələrimiz qaldığı yerdən davam edəcək. Necə deyərlər, Vaşinqton təhdid ritorikasından əl çəkmək və gərginliyi azaltmaq istəyirsə, biz buna hazırıq. Yaxşı ki, Vaşinqtonun qeyri-konstruktiv mövqeyinin Cənubi Qafqazda sülh prosesinə zərbə vurduğunu Ağ Evdə vaxtında dərk etdilər.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri