Şəhid general Polad Həşimovun anası Səmayə xanım “Palmali Holdinq” Şirkətlər Qrupunun prezident Mübariz Mənsimovun qonağı olub, iş adamının anasını ziyarət edib.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Mübariz Mənsimov özünün facebook sosial şəbəkə hesabında paylaşıb. O bildirib ki, general Polad Həşimov kimi oğulun anasının yanında dayanmaq şərəfi hər adama nəsib olmur:
“Səmayə ananı hər dəfə görəndə, onu dinləyəndə məni tamam fərqli hisslər bürüyür. Varlığı və duruşu bir etalondur. Səmayə Ana kimi xanım yalnız bir generalın, bir qəhrəman oğulun anası olmalıydı. Hər kəliməsində, hər nəfəsində Vətənə sevgi var. Bir ananın general oğul böyütməsi üçün ən önəmli şərt hər zaman ona dəstək verməsi, ən çətin zamanlarda yanında olması imiş. Səmayə Ananın dediyi kimi: "Polad oğlumun üzərində hər zaman dayandım, hər zaman ona diqqət etdim, hər zaman onunla maraqlandım. Heç bir zaman diqqətimdən kənarda qalmadı. Və ən önəmlisi, ona hər zaman dəstək oldum". Bu tərbiyənin nəticəsində Səmayə Ana general oğul, vətənini sevən və vətəni uğrunda hər an canından keçməyə hazır olan bir oğul böyütdü”.
Mübariz Mənsimov, “Səmayə Ana başda olmaqla, bütün şəhid valideynlərinin qarşısında baş əyirəm. Şəhidlər ölmür! Biz onları heç bir zaman unutmayacaq və unutdurmayacağıq!”,-deyə vurğulayıb.
Süleyman İsmayılbəyli