44 günlük İkinci Qarabağ müharibəsi və lokal xarakterli antiterror tədbirləri fonunda Azərbaycan 30 illik işğala və 200 illik separatizmə son qoydu. Prezident İlham Əliyevin fevralın 7-də növbədənkənar prezident seçkiləri zamanı Xankəndidə səs verməsi də özünün dediyi kimi, “erməni separatçılarının tabutuna vurulan son mismar idi”.
Bakının separatizmə və işğala son qoyması xarici siyasi kursunun dəyişməsini zəruri edirdi, çünki 30 ildən artıqdır ölkənin xarici siyasət kursu Qarabağın işğaldan azad edilməsi üzərində qurulmuşdu. Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimində rəsmi Bakının yeni xarici siyasət kursunu elan etdi. Belə ki, dövlət başçısı çıxışı zamanı “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir” dedi.
Əliyev fərqindədir ki, hazırda bizə yaxın iki qütb, güc mərkəzi var: Qərb və Rusiya. Təbii ki, ABŞ, Çin kimi güc mərkəzləri də mövcuddur, lakin regiona uzaqlığı səbəbindən bunları çıxdaş etmək olar. İndiki məqamda Azərbaycan nə Qərbi, nə də Rusiyanı seçmək istəyir, əvəzində iki qütb arasında manevr imkanlarını genişləndirmək, daha güclü mövqe tutmaq üçün öz cəbhəsini qurur.
Bakının TDT-yə fokuslanmasının digər səbəbi də KTMT və NATO-nun gələcəyinə dair məyusedici proqnozlardır. Bakı yeni nizama uyğun hərəkət etmək istəyir və indidən uzaqgörən siyasət yürüdür. Daha dəqiq desək, gələcəkdə yaranacaq ehtimal güc boşluğunu TDT ilə doldurmaq istəyir.
Təbii ki, bu, uzun bir prosesdir və ehtimal təzyiqlər istisna deyil. Buna görə Azərbaycan hələlik həmin güc mərkəzlərini qıcıqlandırmaq və diqqətləri üzərinə çəkməmək üçün əməkdaşlıq və adminstrativ məsələlərə fokuslanır. Əliyevin çıxışında qeyd etdiyi “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” sözləri də bundan xəbər verir.
Ümumiyyətlə, Türk Dövlətləri Təşkilatı və ya digər adı ilə “Turan birliyi” türk dünyasında reallaşması üçün çalışılan bir hədəfdir. Xüsusilə SSRİ-nin parçalanması və 5 türk respublikasının müstəqillik əldə etməsi ilə bu, siyasi motiv qazanıb. TDT-nin yaranması və təşəkkülündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin xidmətləri misilsizdir.
Azərbaycan həm də TDT-nin siyasi ideologiyasını təqdim edir. Yəni Bakının TDT-yə baxışı heç də klassik turançılıq ideologiyasına əsaslanmır. Azərbaycan qarşılıqlı iqtisadi, diplomatik, mədəni, dini əlaqələrin genişlənməsi, əməkdaşlıq perspektivlərinin artırılması, habelə mümkün variantda siyasi və hərbi güc halına gəlməsini prioritet hesab edir. Yəni klassik turançılıqda qeyd edildiyi kimi, başqa ölkələrə ərazi iddiası irəli sürmək ya da həmin ölkələrdə yaşayan türk xalqını ayağa qaldırmaq kimi destruktiv yanaşmalar siyasi kursa daxil deyil.
Bakının TDT-yə yanaşmasını “Neoturançılıq” adlandırmaq olar . Yəni ümumilikdə təxminən 200 milyon əhalisi olan türk dövlətləri bir alyansda birləşməli, lakin bu alyans regiona təhdid yaratmamalı, daha çox təhlükəsizliyi özündə ehtiva etməlidir.
Əliyevin “Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik” sözlərini ümumi yol xəritəsi hesab etmək olar.
Yəni konkret coğrafiya var və bu coğrafiyada bir hərbi güc yaranmalı, iqtisadi baxımdan bu gücün davamlılığı qorunmalı, təbii sərvətlər əsasında iqtisadiyyat ayaqda qalmalı, nəqliyyat infrastrukturla şərqdən qərbə tranzit, ticarət təmin edilməli və gənc, dinamik artan türk xalqı ilə gücün gələcək nəsillərə ötürülməsi reallaşmalıdır.
Nəticə etibarilə Bakının xarici siyasi kursunda bu siyasi coğrafiyaya ağırlıq verməsi Azərbaycanın önündə yeni perspektivləri aça bilər.
Turan Rzayev-politoloq