“Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun təşkil edilməsini alqışlamaq lazımdır. Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi onun dünyada daha obyektiv şəkildə tanıdılmasına xidmət edir.
Bu fikirləri Newscenter.az-a politoloq Mütəllim Rəhimli deyib. O bildirib ki, dövlət başçıları, rəsmi səalhiyyətli şəxslər, beynəlxalq təşkilatların nümayəndələri, tanınmış ziyalılar, jurnalistlər və s. qonaqlar ölkəmizlə daha yaxından tanış olmaq imkanı əldə edirlər:
"Bu tədbirlər Azərbaycanda demokratiyanın, insan hüquq və azadlıqlarının mövcudluğu barədə də obyektiv məlumatların alınması üçün bir vəsilədir. Ancaq ən mühümü dövlətimizin əzmi və iradəsini, iddialarını nümayiş etdirir. Buna görə də bu cür beynəlxalq tədbirlərin yaxşı təşkil edilməsi, qonaqların yüksək səviyyədə qarşılanması, ziyafətlərin verilməsi ilə yanaşı ölkəmizin elmi potensialını da nümayiş etdirmək lazımdır. Beynəlxalq tədbirlər orada edilən çıxışların orjinallığı, irəli sürülən təkliflərin yeniliyi, çağırışların həyatiliyi ilə yaddaşlarda qalır. Ona görə də belə tədbirlərin hazırlıq mərhələsində ölkəmizin elm adamları qarşısında vəzifələr qoyulmalı, onların öz düşüncə və fikirlərini ifadə etməsinə şərait yaradılmalıdır".
Mütəllim Rəhimli deyib ki, bu tədbirlərin taleyini təkcə orada iştirak edəcək qonaqların çıxışlarının ümidinə buraxmaq olmaz:
"Bu yeknəsəklik və bir-birinə bənzəyən və yalnız keçirilmə tarixləri fəqlənən tədbirlərdən başqa heç nə ifadə etməyəcək. Bizim imkanımız var ki, belə tədbirlər vasitəsilə hazırda dünya xalqlarının arzularını, imperialst qüvvələrin niyyətlərini aşkar şəkildə ifadə edək və eyni zamanda çıxış yollarını göstərən konseptual sənədlər, elmi tutumlu çıxışlar (əsərlər) ortaya qoyaq. Bu zaman daha iri hədəflərə doğru köklənə və dünya düzənin layiq olduğumuz həqiqi yeru tuta bilərik".
Süleyman