Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanda Heydər Əliyevə həsr olunmuş konsert tədbiri təşkil edilib

Özbəkistanda Heydər Əliyevə həsr olunmuş konsert tədbiri təşkil edilib


Azərbaycanın Respublikasının Özbəkistan Respublikasındakı səfirliyi, Milli Qəhrəman Çingiz Mustafayev adına Fond, VMF Şirkəti və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə Özbəkistan Dövlət Konservatoriyasında Ulu öndər Heydər Əliyevə həsr olunmuş konsert tədbiri təşkil edib.

Newscenter.az xəbər verir ki, tədbirdə Özbəkistan Respublikasında akkreditasiya olunmuş diplomatik heyətin başçıları, ölkənin elm, mədəniyyət və incəsənət xadimləri, ali məktəblərin professor-müəllim heyəti, tələbələr, Azərbaycan diasporunun üzvləri iştirak edib.

Əvvəl iştirakçılar ulu öndər Heydər Əliyevin həyat yolu ilə bağlı fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar, onlara Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın özbək dilində çap olunan “Zərifə və Heydər Əliyevlər – Əbədiyaşar məhəbbət” adlı kitabı hədiyyə edilib.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev öz çıxışında dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin həm Azərbaycanda, həm də keçmiş SSRİ-də yüksək vəzifələr tutduğu dövrdəki fəaliyyətindən geniş söhbət açıb.

Səfir ulu öndər Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəlməsini ölkəmizin taleyində ən uğurlu hadisə kimi qiymətləndirib. Diplomat vurğulayıb ki, Heydər Əliyevin apardığı daxili və xarici siyasət bu gün də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

H.Quliyev bildirib ki, tarixçi alim, Azərbaycan həqiqətləri ilə bağlı kitabların müəllifi Şuxrat Barlas, eləcə də alim və tərcüməçi Babaxan Şərif Azərbaycan mədəniyyəti, tarixi, ədəbiyyatı sahələrindəki xidmətlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif ediliblər. Sonra səfir medalları sahiblərinə təqdim edib və təbriklərini çatdırıb.

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev Fondunun rəhbəri Vahid Mustafayev Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli mənəvi dəyərlərin qorunub saxlanması, azərbaycançılıq ideologiyasının bərqərar olması, ölkənin iqtisadi inkişafı sahəsindəki xidmətləri haqqında söhbət açıb, Ulu Öndərlə görüşlərini yada salıb.
Çıxış edən Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov qeyd edib ki, ulu öndər Heydər Əliyev hər zaman Özbəkistanla münasibətlərə xüsusi önəm verib. O, Ulu Öndərin Özbəkistana səfərləri, Özbəkistan Milli Universitetinin fəxri doktoru adına layiq görülməsi, Özbəkistanın birinci Prezidenti İslam Kərimovla dostluq əlaqələrindən söhbət açıb.

Tədbirin bədii hissəsində beynəlxalq müsabiqələr laureatı, Rikardo Vines adına müsabiqənin mütləq qalibi, “Monte Karlo Piano Masters” piano müsabiqəsinin Qran-pri qalibi Nikolay Kuznetsov tərəfindən tamaşaçılara fortepianoda klassik musiqilərdən ibarət konsert təqdim olunub.



Süleyman
Xəbəri paylaş