Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşa Bəyannaməsi ortaq gücümüzün simvoludur

Şuşa Bəyannaməsi ortaq gücümüzün simvoludur


Bu gün həm Azərbaycanda, həm də Türkiyədə 7-dən 77-yə hər kəs bilir ki, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı əbədi və sarsılmazdır. Tarixi Qars müqaviləsinin düz yüz il əvvəl imzalanmasının tamam olduğu bir vaxtda, 2021-ci il iyunun 15-də mədəniyyət paytaxtımızda Şuşa Bəyannaməsinin imzalanması isə bu dostluq və qardaşlığımızın rəsmi, siyasi anlamda təsbiti, təsdiqi oldu. İki qardaş ölkənin liderlərinin - Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözügedən Bəyannaməni imzalaması ilə qardaş ölkələrimiz arasında tarixi münasibətlərin yeni mərhələsinin əsası qoyuldu və dünyada cərəyan edən geosiyasi təlatümlər fonunda Türkiyə ilə qardaşlıq münasibətlərimizin daha da güclənməsinə imkan yaratdı.

Təsadüfi deyil ki, Şuşa Bəyannaməsinin imzalanması mərasimində Azərbaycan Prezidenti İlham Əliyev də öz çıxışında 100 il öncəki keşməkeşli tariximizə ekskurs etmiş və həmin vaxt məşhur Qars müqaviləsinin imzalanmasını yada salaraq bu siyasi aktın tarixi əhəmiyyətini vurğulamışdı: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”. Bəli, Şuşa Bəyannaməsinin imzalanması ilə 1921-ci ilin 13 oktyabrında imzalanmış məşhur Qars müqaviləsi arasında dərin mənəvi, siyasi əlaqə mövcuddur. Hər iki sənəd qardaş ölkələrimizin tarixi varislik ənənələrinə sadiqliyinin göstəricisi olmaqla yanaşı, həm də dövlətlərimizin siyasi iradəsinin nəticəsidir.

Yüz il öncəki Qars müqaviləsinin ruhunu yeniləyən və yeni reallıqlar şəraitində Azərbaycan və Türkiyə üçün böyük “Yol xəritəsi”nə çevrilən Şuşa Bəyannaməsi əlaqələrimizi və əməkdaşlığımızı daha yüksək səviyyəyə çatdırmağa zəmin yaratdı. Belə ki, Bəyannamədə hər iki ölkə üçün bir çox önəmli məsələlər öz əksini tapıb. Bu sənəddə beynəlxalq müstəvidə birgə fəaliyyətimizdən tutmuş, siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri, enerji təhlükəsizliyi, müdafiə, mədəniyyət, təhsil, idman, gənclər siyasəti və s. kimi bütün aparıcı sahələr əhatə olunur. Bir sözlə, bu gün Azərbaycan və Türkiyə üçün vacib əhəmiyyət kəsb edən elə bir sahə yoxdur ki, Şuşa Bəyannaməsində öz əksini tapmamış olsun.

Lakin bütün bunlarla yanaşı, Şuşa Bəyannaməsi ilk növbədə məhz hərbi əməkdaşlıq sənədidir. Ona görə də Bəyannamə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərini geniş şəkildə əhatə edir. Bu isə o deməkdir ki, Azərbaycanla Türkiyə bundan sonra bir-birinin təhlükəsizliyini təmin etmək üçün qarşılıqlı səyləri daha da artıracaq. Bəyannamədə həmçinin iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, eləcə də müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında dönməz əməkdaşlıq, səlahiyyətli strukturların və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsi kimi cari məsələlər də bütün spektri ilə nəzərdə tutulub.

Bütün bunlar isə heç şübhəsiz ki, ilk növbədə regionda sülhün təmin olunması və mehriban qonşuluq münasibətlərinin qurulmasına xidmət edir. Bu baxımdan Şuşa Bəyannaməsi təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün region üçün həyati əhəmiyyət daşıyır. Bəyannamə Azərbaycan-Türkiyə əməkdaşlığını regionda əsas sabitləşdirici faktora çevirməklə bütövlükdə Cənubi Qafqazın sülh və sabitlik arxitekturasının qurulmasına töhfə verir. Bu baxımdan Azərbaycan-Türkiyə münasibətləri inkişaf etdikcə region üçün təhdidlər və risklər də get-gedə azalacaq, sabitlik dönməz xarakter alacaq. Ona görə də Şuşa Bəyannaməsi ilk növbədə Azərbaycan və Türkiyənin müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artıran mühüm sənəd kimi dəyərləndirilməlidir.

Onu da xüsusi olaraq qeyd etməliyik ki, bu gün iki qardaş dövlət arasında münasibətlərin bütün müstəvilərdə davamlı inkişafının təmin edilməsinə xidmət edən Şuşa Bəyannaməsində xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamlarının öz əksini tapması heç də təsadüfi deyil. XX əsrin əvvəllərində böyük Lider Mustafa Kamal Atatürkün səsləndirdiyi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözləri, XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyevin söylədiyi “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” ifadəsi həqiqətən də hazırda dünyada bu iki qardaş ölkə qədər bir-birinə yaxın olan digər dövlətlərin mövcud olmadığını təsdiqləyir. Bu mənada Azərbaycan-Türkiyə qardaşlığı dünyanın bütün dövlətləri üçün bənzərsiz örnək sayıla bilər. “Bir millət, iki dövlət” həqiqəti bizim tarixi missiyamız və əbədi taleyimizdir. Şuşa Bəyannaməsi isə ortaq gücümüzün simvoludur.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş