Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ŞƏT-lə əlaqələrin inkişaf etdirilməsi ölkəmiz üçün faydalıdır

ŞƏT-lə əlaqələrin inkişaf etdirilməsi ölkəmiz üçün faydalıdır


"Azərbaycan əksər beynəlxalq təşkilat və qurumlar kimi Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə də yüksək səviyyədə əməkdaşlıq edir, ölkəmiz sözügedən təşkilatın zirvə görüşlərində ən yüksək səviyyədə təmsil olunur. Düzdür, Azərbaycan ŞƏT-in üzvü olmasa da, lakin Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında Memorandum imzalanıb və həmin memorandum əsasında Bakı adıçəkilən təşkilatla qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirir".

Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşü və həmin görüşdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iştirakına diqqət çəkərkən səsləndirib. İctimai Birlik sədri deyib ki, Azərbaycan ŞƏT-in tərəfdaş ölkəsi statusu ilə bu qurumun bütün tədbirlərində fəal iştirak edir:

"Regional təhlükəsizliyin və sabitliyin gücləndirilməsi, terrorçuluq, ekstremizm və separatçılıqla mübarizə, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz istehsalı və dövriyyəsinə qarşı fəaliyyət, kibercinayətkarlığa və transmilli mütəşəkkil cinayətkarlığın digər növlərinə qarşı mübarizə, ticarət və sərmayələr, energetika, telekommunikasiya, kənd təsərrüfatı sahəsində əməkdaşlıq, eləcə də kiçik və orta biznes subyektləri arasında birbaşa əlaqələrin təşviqi, hüquqi və gömrük məsələləri üzrə qarşılıqlı fəaliyyət, nəqliyyat və kommunikasiyalar sahəsində mövcud infrastrukturdan səmərəli istifadə, transregional multimodal nəqliyyat dəhlizlərinin və tranzit potensialının inkişaf etdirilməsi, mədəniyyət, elm və texnika, təhsil, səhiyyə və turizm sahələrində qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi və digər bu kimi sahələrdə Azərbaycan ŞƏT-lə qarşılıqlı faydalı əməkdaşlıq edir".

İctimai Birlik sədri onu da deyib ki, rəsmi Bakının ŞƏT-lə əməkdaşlığı bütün istiqamətlərdə, xüsusilə iqtisadi sahədə ölkəmiz üçün faydalı ola bilər:

"Nəzərə alaq ki, təşkilatda iqtisadi cəhətdən dünya liderlərindən sayılan Çin, eləcə də hərbi sahədə inkişaf etmiş Pakistan, Hindistan kimi ölkələr təmsil olunur. Bu ölkələrin hər biri ilə Azərbaycanın yüksək səviyyəli əməkdaşlığı ŞƏT-lə də əlaqələrin inkişafına təkan verir".

Süleyman
Xəbəri paylaş