"Bayağı mahnılar yazanlar var, amma bu o demək deyil ki, bütün bəstəkarlar bayağı mahnılar yazır. Özünə və sənətinə hörmət qoyan bəstəkarlar hər zaman ciddi mətnlərə üstünlük verir. Bu gün meydanda olan mahnıların siyahısına baxsaq görərik ki, onların kütləvi olaraq cəmiyyətə ixrac edilməsi bizə böyük zərər verir. Hazırda az qala efirləri işğal edən bayağı və tüfeyli həyat tərzini təlqin edən mahnılar var."
Newscenter.az xəbər verir ki, bu fikirləri Xalq Artisti, Prezident təqaüdçüsü, Mədəniyyət Dalğası İctimai Birliyinin sədri Nisə Qasımova bildirib.
Xalq artisti bildirib ki, Azərbaycan musiqisinin, musiqi mədəniyyətinin "qara yarası"na çevrilən bu nümunələr zövqdən, yüksək keyfiyyətdən uzaqdır.
"Nəzərə alsaq ki, musiqinin əsas işi, vəzifəsi, funksiyası zövq vermək, əhvalı dəyişmək, insana ruh verməkdir, barəsində danışdığımız nəsnələr bundan tamamilə uzaqdır. Onu da qeyd edək ki, bu nümunələr cəmiyyətə kütləvi şəkildə ixrac edildikcə gənclərin ona marağı artır. Bəllidir ki, ucuz musiqinin ardınca gedənlər tamam başqa kəsimin təmsilçiləridir, ancaq bununla belə, bu "epidemiya" digər qrup gənclərə də sirayət etməyə bilmir. " -deyə Xalq artisti bildirib.