Bu günlər sıralarımız seyrəlir. Həmkarlarımızı deyirəm. Əksəriyyəti də ürəktutmasından. Təəssüfedici və acı verən bir mənzərədir. Adlarını bir-bir sadalaya da bilərəm. Ancaq qorxuram, ehtiyat edirəm. Nədən? Yadıma “Yeddi oğul istərəm” filmindəki səhnə düşür. “1, 2, 3. 4 oldular bəy”. Bundan qorxuram. Adlarını saydıqca çoxalacaqlarından. Media cameəsində yeni bir ağrı-acının qapı arxasında olacağından.
Ölüm haqdır, qaşla göz arasındadır. hər birimizin başına gələ bilər. Heç kim ondan sığortalanmayıb. Hətta saniyələr sonra kimin başına nə gələcəyini yalnız Uca Tanrı bilir. Gec-tez hər kəsin son mənzili məhz quru torpaqdır. Ona görə də qətiyyən etiraz, üsyan etmirəm. Amma səbəb axtarıram. Necə ki, bu günlər hər bir həmkarımız ürək tutmasından haqq dünyasına qovuşan dostlarımızın nədən gənc yaşlarda belə bir bədbəxt hadisə ilə üzləşməsinin səbəbini axtarır. Haqlı olaraq ürəyimizin bir çox çətinlikləri, ağırlıqları qaldıra biləcək gücdə olmadığını ifadə edirlər. Həqiqət var. Axı ürək necə qaldırsın bu qədər gərginliyi, çətinliyi, onu daşıyan insana qarşı olan haqsızlıq, ədalətsizliyi. Cəmiyyətdə baş verən neqativ halları…..
Ürək onu daşıyan birinin ən üstün keyfiyyətlərə malik olmasına baxmayaraq cəmiyyətdə önə çıxmasına yaradılan maneəni aradan qaldırmağa, bu yükü qaldırmağa, arzuedilməz situasiyanı yoluna qoymağa qadirdirmi?
Ürək birisini dəlicəsinə sevməsinə baxmayaraq evsiz, imkansızlığı səbəbindən ailə həyatı qura bilməməsində günahkardırmı? Bu əzabı, zülmü çəkməyə məhkumdurmu?
Ürək illərlə işdə, həyatda, cəmiyyətdə bir masa arxasında oturub dərdini bölüşən, onunla duz-çörək kəsən ən yaxınlarının xəyanətini, düşməncəsinə arxadan zərbə vurmasını çəkmək gücündədirmi?. Əsla yox! Çünki hər bir insan, hətta heyvan belə özündən ağır yükü qaldırmaq, onu daşımaq gücündə deyil. O zaman ürək bu qədər yükü, dərdi, xəyanəti, eybəcərlikləri necə daşısın?
Bir çox həmkarlarım dəyərli təşəbbüslər, təkliflərlə çıxış edirlər. Təklif edirlər ki, media camesə pulsuz olaraq ürək müayinəsindən keçsin. Dəyərləndirirəm. Amma məncə bu da çıxış yolu deyil. Əgər müayinənin nəticəsi olaraq səhhətində üzə çıxan problemləri, nöqsanları aradan qaldırmaq üçün maddi imkansızlıqla rastlaşacaqsansa, yenə də faydasızdır. Yaxud müalicə olunmaq üçün maddi durumun da bir qədər yetərli oldu. Amma yenə işə gələndə, evə gedəndə, lap elə boş vaxtlarında gəzintiyə çıxdığın zaman eyni situasiya ilə qarşılaşacaq, eyni problemlər, neqativləri görəcəksən.
Və ya övladınla gəzintidə olarkən səndən istədiyi bir şeyi ona almağa maddi durumun yetməyəcək, min bir bəhanələr gətirəcəksənsə, yenə əsas zərbəni ürək alacaq. Sən uşaqlarını ictimai nəqliyyatla məktəbə aparırkən avtobusun şüşələrindən bir başqasının uşağının lüks avtomobillərdə, şəxsi şoferlə məktəbə getdiyini seyr edərkən, o anlıq övladlarının üzünə baxmağa cürət etmədiyində yenə zərbə ürəyə dəyəcək. Tətil günlərində dostlarının ölkə dışına getdiyi halda, sən Biləcəridən kənara çıxa bilmədiyindən özünü qınayacaq, ürəyinlə baş-başa qalıb onu zorlayacaq, yükləyəcəksən. Və ya övladının müayinə və müaliəcəsi üçün maddi imkanın çatmırsa (Allah heç kimə həmin anı qismət etməsin) ürəyin hansı əzabı çəkdiyini təsəvvür edə bilməzsiniz. Bütün bunlara görə, təbii ki, özünü qınayacaq, ürəyinlə baş-başa qalıb bəzən özünü, bəzən başqalarını məzəmmət edəcəksən.
Bütün bunların üzərinə jurnalist kimi üzləşdiyin stress, əsəb, bəzən isə qeyri-normal münasibəti əlavə etsək həmkarlarımızın nədən ürəktutmasından dünyalarını dəyişdiyinin fərqinə vararıq. Bu yük, zərbə bir günün, bir həftənin, bir ayın deyil. Bu illərin vurduğu zərbədir. İllərlə ürəyin lazımlı-lazımsız yerə yüklənməsidir. Nə qədər çalışsaq da, təəssüf hissi ilə qeyd etmək istərdim ki, özümüzü, ürəyimizi bu yükdən azad edə, onu azalda bilməyəcəyik. Çünki onların, həmin çətinliklər, problemlərin bir çoxu bizlərin iqtidarında, əlində deyil. Və beləliklə, nə qədər acı da olsa saylar artacaq. Acılı, ağrılı xəbərlər eşidəcəyik. Sayımızın artmaması arzusu ilə.
25 yanvar, 2018-ci il
Süleyman İsmayılbəyli