AZAL-ın Bakı-Qroznı marşrutunu yerinə yetirən mülki uçağının Rusiya Federasiyası ərazisində vurulması, bu azmış kimi, təxirəsalınmaz enişə izn verilməməsi və sonra üzü Xəzərə yönləndirmə hadisə içrə hadisədən xəbər verir. Vurulmuş uçağın Xəzərə qərq olmadan, qazaxların Aktau şəhəri yaxınlığında qəza enişi edə bilməsi və ardındakı hadisələr, aviasiya təhlükəsizliyinin (yalnız milli məsələ olmadığını), qlobal işbirliyi tələbini yeniləyir. “Quş sürüsü” hoqqasından sıyrılan AZAL ekipajı mümkünsüzü mümkün qılıb, vurulmuş uçaqdakı yolçuların bir bölümünün həyatını xilas etdi.
Bəli, dünya miqyasında aviasiya təhlükəsizliyində bir sıra açıq yerlər və çağırışlar mövcuddur:
• Mülki aviasiya, hələ də, başıpozuqların əsas hədəflərindən biri olaraq qalır. Bu kontekstdə dövlətlərarası informasiya alış-verişi və (təhdidlərin qabaqlanması üçün) işbirliyi həyati önəm daşıyır;
• Hadisə göstərir ki, aviasiya təhlükəsizliyi ilə bağlı beynəlxalq hüquq çərçivələrində bəzi boşluqlar mövcuddur. Bu boşluqların aradan qaldırılması üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO-nun) təşəbbüslərinə daha fəal dəstək verilməlidir.
O cümlədən üzr istəməli, təzminat ödəməli və cinayətkarları cəzalandırmalı olan lakin məzmunsuz yayınmalar edən məsul dövlət və qurumlar beynəlxalq basqı görməlidir.
Bəli, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən AZALa məxsus uçağın Rusiya Federasiyasının hava məkanında qarşılaşdığı müdaxilə, yalnız Azərbaycanın deyil, ümumən aviasiya sisteminin çağdaş təhlükəsizliyindəki boşluqları üzə çıxardı. Bu hadisə, beynəlxalq hüququn tətbiqi perspektivində ciddi suallar doğurdu. Azərbaycan Prezidenti İlham Əliyevin hadisəyə sürətli və prinsipial reaksiyası, ölkəmizin bu kimi böhranlı durumlarda strateji çevikliyə malik olduğunu bir daha təsdiqlədi.
Rusiya Federasiyasının hava məkanında baş verən müdaxilə, müdaxiləsonrası qanunsuzluqlar beynəlxalq hüquq normalarının, özəlliklə də ICAO qaydalarının pozuntusudur. Aviasiya təhlükəsizliyi barədə Beynəlxalq Konvensiyaya (Çikaqo Konvensiyası) əsasən, hər bir dövlət öz hava məkanının təhlükəsizliyini təmin etmək üçün cavabdehdir. Uçağın istiqamətinin zorən dəyişdirilməsi faktı, həm də mülki aviasiyanın siyasi alət kimi istifadəsi riskini ortaya qoyur. Bax, bu, beynəlxalq hüquqda böhran doğuran, özəl diqqət tələb edən bir məsələdir.
Bu hadisədən hansı dərsləri çıxarmalı?
Azərbaycanın təhlükəsizlik strukturları bu hadisəyə vaxtında və uyğun şəkildə reaksiya verdi. Bizdən asılı olmayan, bu dəfə bizim üzləşdiyimiz böhran göstərdi ki, mülki aviasiya təhlükəsizliyini daha da möhkəmləndirmək üçün yeni yanaşmaların dəyərləndirilməsi mümkündür:
1. Sərhəd hava məkanına baxış - Hava məkanımızın beynəlxalq sərhədlərində real vaxt rejimində monitorinq texnologiyalarının tətbiqinin gücləndirilməsinə baxıla bilər. Bu, həm yerüstü radarlar, həm də peyk vasitəsilə həyata keçirilə bilər;
2. Aviasiya kiber-təhlükəsizliyi - Aviasiya sahəsində texnoloji müdaxilə riskləri artır. Uçaqların idarəetmə sistemləri potensial olaraq kiberhücumlara uğraya bilər. Bu baxımdan, aviasiya təhlükəsizliyi konseptində kibermüdafiə elementlərinə özəl yer ayrılması işin xeyrinədir;
3. Bölgəsəl işbirliyi - Azərbaycanın bölgədə aviasiya təhlükəsizliyi üzrə qonşu ölkələrlə işbirliyini dərinləşdirməkçün daha konkret addımlar atılması qarşılıqlı fayda verəcəkdir. Bu işbirliyi yalnız texniki deyil, həm də diplomatik platformalarda möhkəmləndirilə bilər.
Sonuc və önərilər
Rusiya Federasiyasının hava məkanında baş verən məlum hadisə, milli təhlükəsizliklə beynəlxalq hüquq arasındakı qarşılıqlı bağların mürəkkəbliyini üzə çıxardı.
Prezident İlham Əliyevin hadisəyə yanaşması, Azərbaycanın müstəqil siyasət yürütmək qabiliyyətini və təhlükəsizliyini təmin etməkdə strateji üstünlüklərini göstərir.
İndi isə bu cür hadisələrin qarşısını almaq və milli təhlükəsizliyi daha da gücləndirmək üçün minimumları bölüşməyə çalışaq:
1. Aviasiya təhlükəsizliyi strategiyasının yenilənməsi - Çağdaş texnologiyalara əsaslanan yeni təhlükəsizlik doktrinasının hazırlanması və ya gücləndirilməsi məsələsinə baxmaq;
2. Beynəlxalq işbirliyinin gücləndirilməsi: Bölgədə və beynəlxalq miqyasda aviasiya təhlükəsizliyi üzrə təşəbbüslərə daha fəal şəkildə qoşulmaq və s.
Beləliklə,
bu hadisə, Azərbaycanın beynəlxalq aləmdə təhlükəsizlik və sabitlik mövqeyini daha da gücləndirmək üçün bir fürsət kimi də dəyərləndirilə bilər.
AZALın ekipaj üzvlərinin yüksək peşəkarlığı, fədakarlığı və dövlətin, xalqın göyüzü xidmətçilərinə ləyaqətli qayğı-diqqəti ölkəmizin etibarına etibar qatdı.
Heç şübhəsiz, dövlətin çevik reaksiyası və strateji baxışı, beynəlxalq nüfuzumuza müsbət təsir göstərir.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI