
Regionlarda həm təhsil, həm səhiyyə, həm də digər problemlərin həlli üçün kiçik kəndlərin birləşdirilməsi qaçılmazdır.
Ümumiyyətlə, regionların idarə edilməsində tam yeni idarəçilik üsullarına və inzibati rayonların yenidən strukturlaşdırılmasına ehtiyac vardır. Amma əgər idarəetmə üsul və formalarına dair bir dəyişiklik olmayacaqsa, o zaman mümkün qədər ən qısa zamanda kiçik kəndlərin birləşdirilməsina dair işlərə başlanılmalıdır.
Kiçik kəndlərin birləşməsinin xərclərin optimallaşdırılmasına, infrastrukturun təkmilləşməsinə, iqtisadiyyatın güclənməsinə, xidmətlərin keyfiyyətinin artmasına, idarəetmə səmərəliliyinin artırılmasına, balanslı inkişafa, yerli idarəetmənin güclənməsinə və s. çox böyük müsbət təsirləri olacaqdır.
Ən əsası kəndlərdə təhsil, səhiyyə və digər xidmətlərin göstərilməsi mümkün olacaqdır ki, bu da hər sakin üçün əlçatan olacaqdır. Hazırda ucqar ərazilərdə nəinki poliklenika, heç kiçik tibb məntəqəsi, apteki, bankomatı, normal yolu-izi, normal məktəbləri olmayan və digər çoxsaylı xidmətlərdən yararlana bilməyən saysız hesabsız kəndlərimiz var. Kəndlərin birləşdirilməsi ilk baxışdan böyük vəsait tələb etsə də, prosesin sonunda həm dövlət, həm də insanlar qazanacaq.
İnsanlarımızın uşaqlarına qarşı həssaslığının getdikcə artması, onlara yaxşı təhsil vermək, səhiyyə xidməti almaq istəyi yaxın 30-40 ildə kəndlərimizin yarısının yoxa çıxması ilə nəticələnəcək. Bunu yazıram dəftərin bir küncünə. Yaşasaq baxarıq, yaşamasaq baxarsız.
Eldəniz Əmirov, iqtisadçı